08 may 2020 18:53
2833

Moldova portalında Şuşanın işğalına dair məqalə yayılıb

Moldovanın Tribuna.md portalında Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünə dair məqalə dərc edilib.

Moldovalı müəllifin yazdığı məqalədə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin beşiyi olduğu qeyd olunur. Bildirilir ki, Şuşa Azərbaycan xalqının məşhur mədəniyyət xadimlərinin yaşadığı və çalışdığı, o cümlədən Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyli, şairə Xurşidbanu Natəvan, görkəmli müğənni Bülbül və başqalarının yaşadığı Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycanda təbiətin bənzərsiz mənzərələrindən birində yerləşən Şuşa milli memarlıq və orta əsrlər şəhərsalma sənətinin dəyərli bir abidəsidir. 1977-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsinin tarixi və memarlıq qoruğu elan edilməsi haqqında” qərar qəbul edildi.

Müəllif vurğulayır ki, Dağlıq Qarabağın işğalı Azərbaycanın ən zəngin mədəni və tarixi mərkəzlərindən biri olan Şuşanın işğalı ilə başa çatıb.

Şəhərin işğalı zamanı yüzlərlə mülki şəxs öldürüldü, yaralandı, Azərbaycanın bir çox tarixi və mədəniyyət abidələri dağıdıldı və ya talan edildi. //AZƏRTAC