08 fevral 2019 20:42
6152

Musiqi dinləməyin faydaları...

Musiqi bir çox insan üçün əvəzolunmazdır. Gündəlik əhvalımızın musiqi seçimimizə çox təsiri olur. Dinlədiyimiz musiqinin tərzindən asılı olaraq əhvalımız düzələ və ya korlana da bilər. Hərəkətli və ya yavaş musiqidən asılı olaraq insanlar həmin andakı psixoloji vəziyyətlərini bəlli edirlər. Musiqi dinləyərkən ruhumuz da bədənimiz də istirahət edir. Musiqi bədən və ruh sağlamlığına müsbət təsir edir.

Ürəyə faydalıdır

Musiqi ruhun olduğu qədər, qəlbin də qidasıdır. Psixoloji xəstəliklərin sağalmasına kömək edən musiqi ürək xəstəliklərinin müalicə prosesini də müsbət cəhətdən sürətləndirə bilər. Musiqi ürək ritmini normallaşdırır, qan təzyiqini tənzimləyir.

Ağrıları yüngülləşdirir

Ən yaxşı ağrıkəsici vasitə olan musiqi, ağrıları aradan qaldırmaq və yüngülləşdirməkdə mühüm rol oynayır. Xüsusilə səbəbi  bilinməyən ağrıların yalnız musiqi ilə aradan qalxdığı müşahidə edilir.

İmmunitet sistemini gücləndirir

Musiqi immunitet sisteminizdə mühüm rol oynayan bir hüceyrənin miqdarını artıra bilir. Musiqi dinləmək üçün sadəcə 15 dəqiqə ayırmaq hüceyrələrə müsbət təsir göstərir.

Beynin əzbərləmə və öyrənmə funksiyası üçün faydalıdır

Araşdırmaların sübut etdiyi faktlardan biri də musiqi dinləməyin öyrənmək istədiyimiz məlumatı oxuyarkən onun yadda saxlanılmasına kömək etdiyidir. Buna “mosart təsiri” də deyilir. Dərs zamanı klassik musiqi dinləmək tələbələrə daha asan öyrənməyə imkan yaradır.

Daha xoşbəxt hiss etdirir

Musiqi dinləmək ruhunuz və ruh sağlamlığınız üçün yaxşıdır. Musiqi dinləyərək özünüzü daha xoşbəxt və rahat hiss edə bilərsiniz. Hətta bəzi psixoloji xəstəlikləri müalicə etmək üçün musiqi ilə müalicə metodundan istifadə olunur.

Əsəbləri sakitləşdirir

Musiqi dinləmək insanı sakitləşdirir və qəzəbini azaldır. Məsələn, maşın ilə yolda gedəndə səssiz və yavaş, sevdiyiniz musiqini dinləmək əsəbləri sakitləşdirir və daha rahat səfər etməyə şərait yaradır.

Az yeməyə kömək edir...

Musiqi dinləməyin digər bir faydası da iştahaya nəzarətdir. Klassik və ya caz musiqisi ifa olunan bir restoranda edilən bir testdə, müştərilərin daha az yemək yediyi və musiqi dinləyərkən zövq aldıqları müşahidə olunmuşdur.

Rahat yuxu ilə təmin edir

Aparılan araşdırmalara görə, yuxuya getməkdə və rahat yatmaqda çətinlik çəkən insanlar musiqi dinləyərək bu problemdən qurtula bilərlər. Musiqi asan yuxuya getmək və digər yuxu problemləri üçün mükəmməl bir həlldir.

Röya Rasimqızı