07 oktyabr 2019 18:50
97

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılması da bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir. Komissiyanın tərkibini diqqətə çatdıran Ali Məclisin Sədri bildirib ki, dövlət sirrinin mühafizəsi sahəsində aid təşkilatların birgə fəaliyyəti bundan sonra əsas vəzifə kimi müəyyənləşdirilir.

Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov muxtar respublikada dövlət sirrinin mühafizəsi sahəsində görülən işlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini - Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov isə dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti tənzimləyən qanunvericilik barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov dövlət orqanları arasında elektron sənəd dövriyyəsinin təşkili və təhlükəsizliyin təmin olunması sahəsində görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin mövcudluğunun əsas şərtlərindəndir. Dövlətin təhlükəsizliyinin əsasında isə dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır. Dövlət sirri - hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında əsas məqsəd də dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün İdarələrarası Komissiya tərəfindən bir sıra işlər görülməlidir.

Ali Məclisin Sədri Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyət istiqamətləri barədə tapşırıqlar verərək deyib: Komissiya dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısını almalı, dövlətin təhlükəsizliyinə ziyan vuran belə hal baş verdikdə fakt üzrə materiallara baxmalı və rəy verməlidir. Komissiyada təmsil olunan orqanlar əsasən dövlət sirrinə aid edilən məlumatlar barəsində Sərəncam vermək səlahiyyətlərinə malikdirlər. Ona görə də həm komissiyada təmsil olunan, həm də bu səlahiyyətlərə malik digər orqanlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına uyğun olaraq məxfiləşdirilməli məlumatların geniş siyahısını tərtib etməli və bu siyahılara daxil edilmiş məlumatların məxfilik dərəcələrini müəyyənləşdirməlidirlər.

Ali Məclis Aparatının müvafiq şöbəsi dövlət sirrinə aid edilən məlumatların siyahısını və digər normativ aktları komissiyada təmsil olunan orqanlarla birlikdə hazırlayıb təsdiq edilmək üçün Ali Məclis Sədrinə təqdim etməlidir. Komissiya dövlət sirri təşkil edən məlumatların qanunla müəyyən edilmiş məxfilik müddətlərinə aidiyyəti orqanlarda əməl edilməsini nəzarətdə saxlamalı, zərurət olduqda həmin müddətlərin uzadılması məsələsinə baxılmalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada dövlət sirrinin mühafizəsi sahəsində səlahiyyətlər Dövlət Təhlükəsizliyi Xidmətinə verilmişdir. Xidmət əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrlə yanaşı, həm də aidiyyəti orqanlarda məxfiləşdirilməli məlumatların siyahılarının yenilənməsini nəzarətdə saxlamalı, onların məxfilik dərəcəsinə uyğunluğunu vaxtaşırı, azı 5 ildə bir dəfə yoxlamalıdır. Dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrin fəaliyyətinə metodiki köməklik göstərilməli, dövlət sirri təşkil edən məlumatların qorunmasına dair tələblərə əməl edilməsi nəzarətdə saxlanılmalıdır. Elektron sənəd dövriyyəsi və mübadiləsi bu sahədə dövlət sirri təşkil edən məlumatların mühafizəsi məsələsini zərurətə çevirmişdir. Ona görə də Dövlət Təhlükəsizliyi Xidməti Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə tərkibində dövlət sirri təşkil edən məlumatlar olan informasiya sistemlərinin ekspertizasını aparmalı, informasiyanın mühafizəsinə, məxfilik rejiminə və texniki kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər görməli, lisenziyalı proqram təminatından istifadə olunmalı, texniki vasitələrin məlumat sızmasından qorunmasını, habelə onlardan məlumat çıxarılması üçün istifadə oluna bilən elektron vasitələrin aşkarlanması və zərərsizləşdirilməsini təmin etməlidirlər.

Qeyd olunub ki, əldə edilməsi qanunvericiliklə məhdudlaşdırılan və dövlət sirri hesab edilən informasiyaların kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə yayılmaması üçün ciddi işlər görülməlidir. Hər hansı dövlət orqanı üzrə məxfiləşməli məlumat dövlət sirrinə aid edilən məlumatlar siyahısında dəyişiklik edilməsi zərurəti yaratdıqda Komissiya tərəfindən bu məsələyə baxılmalı və müvafiq rəy verilməlidir. Muxtar respublikanın dövlət arxivlərində və ya dövlət orqanlarına məxsus arxivlərdə mühafizə edilən dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfilik vəziyyətinə nəzarət olunmalıdır.

Ali Məclisin Sədri deyib: Müəssisə, idarə və təşkilatlarda vəzifəli şəxslərin dövlət sirri ilə işləməyə buraxılması qaydalarına ciddi riayət edilməli, dövlət sirrinin mühafizəsi işi daim yeni təhdidlərə qarşı dayanıqlı olmalı, muxtar respublikada dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi daim diqqətdə saxlanılmalıdır. Komissiya dövlət sirrinə aid edilmiş məlumatların məxfiliyinin açılması haqqında məsələlərə baxmalı, qanunvericiliyin tələblərinə uyğun rəy verməlidir. Komissiyanın əsas funksiyalarından biri də dövlət sirri təşkil edən məlumat daşıyıcılarının başqa dövlət orqanları, müəssisə, idarə və təşkilatlarına verilməsini təşkil etməkdir. Dövlət sirri təşkil edən məlumata malik orqan ləğv edildikdə, mülkiyyət növü dəyişdikdə və ya orqanın dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda həmin məlumatların mühafizəsi üçün tədbirlər görülməli, Komissiya dövlət sirri təşkil edən məlumatın başqa dövlət orqanına verilməsi üçün qərar verməlidir.

Müşavirədə tapşırılıb ki, İdarələrarası Komissiyanın qərarlarının icrası dövlət orqanları, müəssisə, idarə və təşkilatları üçün məcburidir. Ona görə də komissiyanın üzvləri səlahiyyətləri daxilində qərarların icrasına nəzarət etməlidirlər. Komissiyada təmsil olunan orqanların rəhbərləri dövlət sirrinin mühafizəsi işini təşkil etmək üçün məsul şəxsləri müəyyənləşdirməli və onlar dövlət sirrinin mühafizəsi ilə bağlı maarifləndirilməlidirlər. Eyni zamanda, dövlət sirrinin mühafizəsi sahəsində fəaliyyət göstərən əməkdaşların bilik və peşəkarlıq səviyyəsi daim artırılmalı, komissiya tərəfindən müvafiq seminarlar keçirilməli və vəzifələr izah olunmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə dövlət sirrinin mühafizəsi ilə bağlı qəbul olunmuş normativ hüquqi aktların aid təşkilatlara verilməsini təmin etməlidir.

Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq deyib ki, dövlət sirrinin mühafizəsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrasında komissiya üzvləri məsuliyyətlərini artırmalı, verilən tapşırıqlar diqqətdə saxlanmalı və fəaliyyət bu istiqamətdə qurulmalıdır.