21 may 2020 10:28
2019

Nəfəs kəsən mistik yerlər

Sirlərlə dolu planetimizdə hər tərəfini bildiyimizi düşünsək də, hələ də bilmədiyimiz bir çox inanılmaz və mistik yerlər mövcuddur. Nəfəs kəsən mənzərələri, rənglərin parlaqlığı və nəhəng formaları şiddəti ilə seçilən bu yerlərdən bəziləri bunlardır:

Kelimutu Lənəti

İndoneziyanın milli parkında bir vulkanın üzərində üç fərqli göl var. Bu göllərin maraqlı xüsusiyyətlərindən biri də odur ki, onlar rənglərini dəyişə bilirlər. Qədim inanclara görə, bu rəng dəyişimi ruhların əhvalını dəyişmələri ilə bağlıdır. Uzun illər boyu bu göllərin sirrini tapmaq mümkün olmayıb. Alimlərin müşahidələrinə görə, qəribə olan rəng dəyişiminin əsas səbəbi gölün dibindən çıxan qazlardır. Gölməçələrin tamamilə fərqli çalarlar ilə boyanması insanların marağına səbəb olur. Gölməçələr tünd göy, al qırmızı və tünd yaşıl, ağ rənglərdə olur. Vulkanın üzərində olan dəyişiklikləri qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Göllərin hər birinin öz adı və hər birinin özünəməxsus sirlərlə dolu bir tarixçəsi var. Yerli sakinlərin rəvayətlərinə görə, göllərdən birinin adı Yaşlılar Gölüdür. Onların sözlərinə görə, bura ölümündən sonra yalnız layiq olan ruhlar düşə bilər. Bu göl ağ və mavi rənglərdə olur. Digər Göl Tilsimlənmiş göl adını daşıyır. Bura yalnız günahları çox olan insanların ruhları ilə doludur. Gölün rəngi al qırmızı və qara çalarlarda olur. Axırıncı göl isə Gənclər Gölü adlanır. Bu göl yaşıl rəngdə olur və bura həyatını tez itirmiş gənclərin ruhları düşür. Yalnız bu gölün suyu bəzən buxarlana bilir. Kelimut Lənəti öz heyrətamiz gözəlliyi ilə hər kəsin böyük marağına səbəb olub.

Daşdan meşə

Çinin Şilin əyalətində həqiqi daşdan olan meşə var. Alimlərin fikirlərinə görə, bu qəribə meşənin 270 milyon ildən çox tarixi var. Maraqlıdır ki, vulkanın püskürməsi nəticəsində yaranan bu nəhəng dağları kristal göllər, yaşıl çəmənliklər və bambuk bağları əhatə edir. Nəfəs kəsən əfsanələr ilə dolu bu meşə, mistik sirləri ilə əhatə olunub.

Vatnajokul Buz Mağaraları

İslandiyanın Cənub-Şərqində yerləşən bu mağaralar inanılmaz görüntüsü ilə insanları heyrətləndirir. Buzlardan ibarət dişlərə bənzəyən parçalar fərqli rənglər alaraq insanların marağına səbəb olur . Hər il əriyib, dəyişilən bu mağaralar fərqli yerlərdə əmələ gələrək turistləri özünə cəlb etməkdə davam edir.

Qarğalar mağarası

Qarğalar mağarası dünyanın ən dərin mağaralarından biridir. Onun dərinliyi 2196 metrdir. Mağara Abxaziyada, Arabika dağlarında yerləşir. Nəhəng mağaranın keçidləri böyük bir zindanda birləşir və bu zindan müxtəlif gözəl göllərdən ibarətdir. Qarğalar mağarası 1960-cı ildə tapıntılar nəticəsində ortaya çıxmışdır və uzun illər boyu tanınmış alimlərin maraq obyektinə çevrilmişdir. Burada yaşayan canlılar ultrasəs titrəyişləri qəbul edib,onları hiss edə bilirlər (əsasən yarasalara aiddir)

Romayama (Cədvəl dağı)

Buludlarla örtülmüş bu mistik dağ keçilməz bataqlıqlar və sıx meşələri ilə sanki sirrini gizlətməyə çalışır. Qəribəliyi ilə seçilən bu nəhəng dağ Artur Konan Doylun “ İtirilmiş dünya” romanında yer almışdır. Müəllifin sözlərinə, görə bu dağda eramızdan əvvəl yaşayan qədim heyvanların yaşadığı xüsusi bir cəmiyyət təsvir edilmişdir. Alimlərin müşahidələrinə görə, bu mistik dağda bəşəriyyətin görmədiyi çox qeyri-adi heyvanlar və heyrətamiz, gözəlliyi ilə göz qamaşdıran bitkilər aşkar olunub.

Mistik Retba gölü

Dünyanın inanılmaz təbiəti ilə seçilən qəribə yerlərindən biri Seneqalda , paytaxt Dakaradan 30 km məsafədə yerləşən çəhrayı rəngli məşhur Retba gölüdür. Qeyri adiliyi ilə seçilən çəhrayı rəngdə olan Retba gölünün suyu 3 km -ə qədər yayılır, su anbarının dərinliyi isə 3 metrə çatır. Lakin bu yer həmişə çəhrayı rəngdə olmayıb. 1970-ci illərdə quraqlıq zamanı, göl dayaz olduqdan sonra, mistik gölün suyu çəhrayı olmuşdur. Sonradan məlum olur ki, Retba gölündə heç kimin tanımadığı qədim sianobakteriyalar yaşayır. Burada duzun konsentrasiyası Ölü Dənizdəki duzun miqdarından daha çoxdur. Maraqlıdır ki, gün ərzində gölün suyu müxtəlif rənglərə boyana bilir. Suyun rənginin dəyişməsinə sianobakteriyaların fəaliyyəti təsir edir. Təəssüf ki, ildən-ilə burada dayazlaşma müşahidə olduğuna görə, bu mistik və qeyri-adi gözəlliyi ilə insanları valeh edən bu göl yer üzündən yox olma riskini yaşayır. Lakin biz ümid edirik ki, hələ uzun illər boyunca Retba gölü insanları nadir təbiəti ilə heyran etməyə davam edəcək.

Səssizlik bölgəsi

Yer üzündə ən qəribə məkanlardan biri olan Səssizlik Bölgəsi Himalay dağlarını, Bermud Şeytan Üçbucağını və Giza piramidalarını bir- biri ilə birləşdirir. Meksikada yerləşən bu sirli ərazidə saatların durduğu və radioların işləmədiyi söylənilir.

Samirə Tağıyeva, “İki sahil”