17 yanvar 2020 18:00
1380

Nəsimidə 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin 20 Yanvar faciəsinin 30 illiyinə həsr edilmiş birgə tədbiri keçirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, tədbirin məqsədi çağdaş müstəqilliyimizin qazanılmasında qəhrəmanlıq tariximiz olan 20 Yanvar hadisəsinin xüsusi rolunun və əhəmiyyətinin bir daha gənc nəsillərə çatdırılmasıdır: “Bildiyimiz kimi, hər il xalqımız minnətdarlıqla bu qəhrəmanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla anır və faciəni törədənlərin beynəlxalq tribunalarda mühakimə olunaraq cavab vermələrini tələb edir. Bu il Azərbaycan xalqının qan yaddaşına əbədi yazılan bu qəhrəmanlıq tarixinin 30-cu ildönümdür və bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Bu Sərəncamdan irəli gələrək hazırda ölkəmizdə və onun hüdudlarından kənarda xalqımızın əzmkarlıqla apardığı azadlıq mücadiləsinin 30 illiyinə həsr edilmiş tədbirlər planı həyata keçirilir”. 

YAP Nəsimi rayon təşkilatının Mənzil İnşaatı Dövlət Agentliyi ərazi ilk partiya təşkilatının sədri, Agentliyin aparat rəhbəri Fərman Qurbanlı  Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda, o cümlədən 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və bu qanlı qırğında əlil olmuş insanlara Azərbaycan dövlətinin diqqət və qayğısından danışıb. 

"Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri" İctimai Birliyinin sədri Azər Quliyev bildirib ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar milli matəm, hüzn günü kimi qeyd edilməsinə baxmayaraq, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir.

“20 Yanvar Cəmiyyəti” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirərək, ölkəmizdə sosial siyasət sahəsində görülən işləri yüksək qiymətləndirib.

Daha sonra tədbirdə iştirak edən 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərini maraqlandıran məsələlər dinlənilib.

Sonda Nəsimi rayonun ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlillərinə ərzaq yardımı edilib.

Ceyhun Piriyev, “İki sahil”