“SOCAR AQŞ” və Böyük Britaniyanın “KCA Deutag” şirkəti yeni birgə müəssisə təsis edib
Dünən bununla bağlı “SOCAR AQŞ” və “KCA Deutag” arasında müqavilə imzalanıb. Yeni birgə müəssisə “Turan” Qazma və Mühəndislik şirkəti adlanır. “Turan” Qazma və Mühəndislik şirkəti”, qazma və mühəndislik xidmətləri sahəsində dünyanın ən aparıcı podratçılarından biri olan “KCA Deutag” şirkətinin səriştəsini və “SOCAR AQŞ” şirkətinin Xəzər regionu üzrə zəngin təcrübəsini və mütərəqqi infrastrukturunu özündə birləşdirərək Azərbaycanda müştərək əməliyyatların daha da genişləndirilməsinə möhkəm zəmin yaradacaq. Bakıda fəaliyyət göstərəcək Şirkət Xəzər dənizi ilə Mərkəzi Asiya bölgəsində neft və qaz quyularının qazılması və mühəndislik xidmətlərini həyata keçirməklə biznesini genişləndirəcək. Qeyd edilən bölgədə artan tələbatın ödənilməsi istiqamətində şirkət dünya səviyyəli xidmətlər təklif etmək üçün nadir strateji imkanlara malikdir. “Turan” Qazma və Mühəndislik Şirkəti” Azərbaycan vətəndaşları üçün yeni iş imkanlarının yaradılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və yerli xidmət sahələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan iqtisadiyyatına töhfə verməyi qarşısına məqsəd qoyur.
Mərasimdə çıxış edən “SOCAR AQŞ”-nin baş direktoru Ramin İsayev qeyd edib ki, şirkət 2008-ci ildə qazma əməliyyatlarına başlayıb və bir çox ilklərə imza atıb, nailiyyətlər qazanıb. O bu gün müəssisənin yaradılmasına dair müqavilənin imzalanmasının Azərbaycanın neft-qaz sənayesi tarixində çox əlamətdar hadisə olduğunu bildirib: “Bu gün əsası qoyulan birgə müəssisə “SOCAR AQŞ” və “KCA Deutag” şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən,bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox ciddi rol oynayacaq.”
“KCA Deutag” şirkətinin baş icraçı direktoru Norri Makkey bildirib ki, bu birgə müəssisə yeni imkanlar yaradacaq: “Bu birgə müəssisə həm də Azərbaycandan kənarda, Xəzəryanı bölgələrdə biznes imkanlarını araşdıracaq. Bu təşəbbüs şirkətlər qrupumuzun strategiyası çərçivəsində Xəzər regionunda biznesimizi inkişaf etdirmək istiqamətində atılmış önəmli bir addımdır. İnanırıq ki, hər iki şirkətin mövcud təcrübəsinin və imkanlarının bir araya gətirilməsi sayəsində biz müştərilərimizə daha da keyfiyyətli xidmət göstərməklə yanaşı regionda fəaliyyət coğrafiyamızı genişləndirməyə nail olacağıq.”
İmzalanma mərasimində SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə yeni yaradılan birgə müəssisəyə uğurlar arzulayaraq hər iki şirkətin köməyi ilə işlərin daha da uğurlu olacağına inandığını vurğulayıb: “Qazmaçısız neft sənayesində heç bir iş yoxdur. Keçən il neft-qaz sənayesində mühüm yeniliklər əldə olundu. 2 milyardıncı Azərbaycan neftinin hasil olması, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması bu kimi işlərin əldə olunmasında qazmaçıların da əməyi var. Bu, “SOCAR AQŞ” MMC və “KCA Deutag” şirkətinin birgə təşəbbüsü ilə yaradılan ortaq şirkət olan “Turan” Qazma və Mühəndislik şirkəti təsisçilərinin köməyi nəticəsində yaxşı nəticələr əldə edəcək. Gələcəkdə perspektivli işlərimiz var. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında, “Şahdəniz”də və digər yataqlarda qazma işləri olacaq. Yeni yaradılan müştərək müəssisə gərək elə işləsin ki, gözəl nəticələr əldə etsinlər.”
Daha sonra SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Azərbaycanın qazma sənayesinin tarixinin qədimliyindən danışıb. Y.Lətifov “SOCAR AQŞ”nin qazma sənayesində əldə etdiyi uğurları xüsusi vurğulayaraq yeni yaradılan müəssisənin fəaliyyətinə uğurlar arzuladı.
Orxan Vahidoğlu,
“İki sahil”