24 noyabr 2018 00:17
3432

Bakıda Dünya Alpaqut Federasiyasının toplantısı keçirilib

Noyabrın 23-də  Atatürk Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatında iştirak etmək üçün ölkəmizə gəlmiş xarici ölkə təmsilçilərinin iştirakı ilə Beynəlxalq konfrans keçirilib.

Konfransda Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Nizami Cəfərov, federasiyanın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Qənirə Paşayeva, federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov, eləcə də Dünya çempionatında iştirak Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukrayna rəsmi nümayəndələri iştirak və çıxış ediblər.

Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu döyüş sənətinin dünyada rəğbət qazanması həm də onun tanınması deməkdir: "Azərbaycanda Dünya çempionatının keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur."

Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, bu döyüş növü, eyni zamanda mübarizliyinin, əzmin və sülhün çağırışçısıdır: "Dünya Alpaqut Federasiyası 2014-cü ildə Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmi qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Çexiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Özbəkistan və Rusiya (Yekaterinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var. Digər idman növləri kimi, Alpaqut döyüş sənəti də inkişaf edir. Bu gün Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq ölkəmiz bir çox mötəbər idman yarışlarına ev sahibliyi edir. Keçiriləcək Dünya çempionatı da bunun bariz göstəricisidir."

Milli Məclisin deputatı, federasiyanın vitse-prezidenti Qənirə Paşayeva Dünya çempionatında iştirak edəcək alpaqutçulara uğurlar arzulayıb: "Hər bir idman növünün özünəməxsus özəlliyi var və belə özəlliklərdən biri də Alpaqut döyüş sənətidir. Bu döyüş növü artıq dünyanın hər yerinə yayılıb və bu, bilavasitə Azərbaycanın uğuru sayılır. Çünki bu idman növünün ölkəmizdə yaranması da belə deməyə zəmin yaradır. Keçirləcək Dünya çempionatında hər bir idmançıya uğur və qalibiyyət arzu edirəm".

Sonra təşkilati məsələlərə baxılıb və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov S-1 döyüş liqasının prezidenti, eyni zamanda Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti seçilib.

Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev isə S-1 döyüş liqasının 1-ci vitse-prezidenti seçilib. Həmçinin, S-1 döyüş liqasının 2-ci vitse-prezidenti Dünya və Avropa çempionu, bir sıra beynəlxalq yarışların qalibi Mərdan Vəliyev seçilib.

Təşkilati məsələlərdən sonra yeni seçilənlərə və təbir iştirakçılarına hədiyyələr təqdim olunub.

YAP Pirallahı rayon təşkilatının sədri, S-1 döyüş liqasının prezidenti və Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti Hikmət Şikarov ona göstərilən yüksək etimada görə Federasiyanın rəhbərliyinə və bütün üzvlərinə öz minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət qayğısı ilə əhatələnib: "Əbəs deyil ki, bu gün ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilməklə yanaşı, dünya və Avropa çempionatları üzrə müxtəlif yarışlar da keçirilir. Bütün bunlar ölkəmizin bütün sahələrdə əldə etdiyi inkişafın bariz nümunəsidir. Bu inkişafı xalqımıza cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti bəxş edib. Eyni zamanda, gənclərimizin idmanla məşğul olması sağlam gələcəyimizin təminatıdır. Belə bir missiyada məhz Dünya Alpaqut Federasiyasının da rol alması sevindirici və fərəhləndiricidir."

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Orxan Vahidoğlu, "İki sahil"