2017-ci ildə həyata keçirilən texniki, geoloji tədbirlər nəticəsində hasilatın həcmi artıb
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin bütün struktur bölmələri kimi, “Bibiheybətneft” NQÇİ-nin kollektivi də 2017-ci ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən ilin yanvar-dekabr aylarında “Bibiheybət” yatağında həyata keçirilən tədbirlər nəticəsində hasilatın həcmində artım qeydə alınıb.
NQÇİ-nin rəisi Fəxri Haqverdiyevin sözlərinə görə, idarə tərəfindən “Bibiheybət” yatağının işlənməsi aparılır. Yatağın quru sahəsinin işlənməsinə 1873-cü ildən, dəniz sahəsinin işlənməsinə isə 1938-ci ildən başlanılıb. 2018-ci il yanvar ayının 1-nə olan məlumata görə, “Bibiheybət” yatağında 3827 quyu (3582 istismar, 245 kəşfiyyat quyusu) qazılıb. İstismar fondu 583 quyu təşkil edir ki, bunlardan da 572-si fəaliyyətdə, 11-i isə fəaliyyətsiz fondadır. Gündəlik neft hasilatı 331.3 ton, qaz hasilatı isə 49.3 min kubmetrdir. 01.01.2018-ci il tarixə olan məlumata görə, “Bibiheybət” yatağından istismarın əvvəlindən 192702.8 min ton neft, 14419.746 mln kubmetr qaz hasil olunub.
F.Haqverdiyev bildirdi ki, 2017-ci ilin dekabr ayı ərzində “Bibiheybətneft” NQÇİ üzrə neft hasilatı planı 9605 ton olduğu halda, 10270 ton neft hasil olunaraq, plan 106.9 faiz yerinə yetirilib. Qaz hasilatı planı isə 1140 min kubmetr olduğu halda, 1527 min kubmetr qaz hasil olunub, plan 133.9 faiz yerinə yetirilib. 2017-ci ilin 12 ayı ərzində isə neft hasilatı planı 113000 ton olduğu halda, 120206 ton neft hasil olunub. Əlavə olaraq 7206 ton hasil olunaraq, plan 106,4 faiz yerinə yetrilib. Qaz hasilatı planı isə 13400 min kubmetr olduğu halda, 17039 min kubmetr qaz hasil olunub. Əlavə olaraq 3639 min kubmetr qaz hasil olunaraq, plan 127,2 faiz yerinə yetirilib.
Ötən ilin dekabr ayı ərzində 49 texniki tədbirin aparılması planlaşdırıldığı halda, 51 tədbir aparılıb, plana 104.1 faiz əməl olunub, nəzərdə tutulan 190 ton əvəzinə, 213 ton səmərə əldə olunub. Plan 112.1 faiz yerinə yetirilib. 2017-ci ilin 12 ayı ərzində isə 450 texniki tədbirin aparılması planlaşdırıldığı halda, 513 tədbir aparılıb, plana 114 faiz əməl olunub, nəzərdə tutulan 1850 ton əvəzinə, 2085 ton səmərə əldə edilib. Plan 112.7 faiz yerinə yetirilib.
NQÇİ-nin rəisi vurğuladı ki, 2017-ci il dekabr ayı ərzində quyularda 12 geoloji tədbirin aparılması planlaşdırıldığı halda, 15 tədbir aparılıb, plana 125 faiz əməl olunub, nəzərdə tutulan 2060 ton əvəzinə, 2252 ton səmərə əldə olunaraq, plan 109.3 faiz yerinə yetirilib. 2017-ci ilin 12 ayı ərzində quyularda 150 geoloji tədbirin aparılması planlaşdırıldığı halda, 169 tədbir aparılıb, plana 112.7 faiz əməl olunub, nəzərdə tutulan 13000 ton əvəzinə, 15956 ton səmərə əldə olunaraq, plan 122.7 faiz yerinə yetirilib.
Bütün bunlarla yanaşı, 2017-ci il ərzində 8 quyu planlaşdırıldığı halda, 5 quyu işlək fonda qaytarılıb. Nəzərdə tutulan 1000 ton əvəzinə 1191 ton səmərə əldə olunub. Hazırda 15-ci növbəti 3689-saylı quyuda II-lülə ilə qazma işləri gedir (layihə dərinliyi - 1350 metr olmaqla QüQ2 Laya qazılmalı və gündəlik gözlənilən neft hasilatı 3,0 tondur).
Qeyd edək ki, 1947-ci ildən yataqda suvurma prosesinə başlanıb. 4 laya su vurulur (təsir altında 83 quyu var və onların gündəlik neft hasilatı 102 tondur) V laya-1947, QÜQ1 və QÜQ2-1952, (1965-ci ildən dayandırılıb) VII laya-1954 vəX lay dəstəsinə-1957-ci ildən, XIII laya 1986-cı ildən su vurulur. Yanvar ayının 1-nə olan məlumata görə, fondda olan 33 suvurucu quyudan 26-na su vurulur (gündəlik plan -1473 kubmetr, fakt-1491 kubmetr). Suvurucu quyular vasitəsilə laylara cari ildə 560930 kubmetr su vurulub, nəticədə 14157 ton əlavə neft hasil olunub. 9 su uducu quyu vasitəsilə 50255 kubmetr su utilizə olunub (gündəlik 1621 kubmetr). Suvurma prosesinin tətbiqindən hazırkı dövrə qədər laylara 77814,4 min (gündəlik 1621 kubmetr) su vurulub, əlavə olaraq 2594 min ton neft hasil edilib.
Nail Rəhimzadə, “İki sahil”