23 noyabr 2017 23:54
5603

AXC-nin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda AXC-nin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Noyabrın 23-də SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Baş mühəndisi, direktorun I müavini Fazil Həsənov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycan “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi İctimai Birliyinin məruzəçisi Fuad Məmmədov, institutun əməkdaşları iştirak edirdilər.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun baş mühəndisi, direktorun I müavini Fazil Həsənov tədbir iştirakçılarını AXC-nin 100 illik yubileyi münasibətilə təbrik etdi. F.Həsənov məlumat verdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır: “Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının Sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi əhəmiyyətlidir. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi.”

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Azərbaycan “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi İctimai Birliyinin məruzəçisi Fuad Məmmədov tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək. F.Məmmədov vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. Professor Azərbaycan tarixinin və mədəniyyətinin, milli-mənəvi və dini dəyərlərin vacibliyini öz nitqində qeyd edib.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi: “Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.”

V.Rəhimzadə onu da diqqətə çatdırdı ki, uzun illər Sovet İmperiyasının əsarətində olmasına baxmayaraq 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi: “Son illər ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf etmiş ölkələrindəndir. Əldə edilən inkişaf nəticəsində ölkəmiz bu gün 100 illik tarixi olan dünya dövlətlərindən də ön sıradadır.”

Orxan Vahidoğlu, “İki sahil”