Ölkəmizin neft sənayesi durmadan inkişaf etməkdədir. Yeni-yeni layihə və proqramların həyata vəsiqə alması artıq reallığa çevrilib. Məhz bu kimi mühüm amillər sayəsində Azərbaycanın neft sənayesi və ümumilikdə sənaye kompleksimiz, iqtisadiyyatımız uğurla inkişaf edir. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında yeni bir dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin yaradıcısı, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə 20 sentyabrın ölkə neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında imzaladığı Sərəncam bütün neftçilərin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün uğurla davam etdirdiyi neft strategiyası xalqımızın, o cümlədən neftçilərin güzəranının daha da yaxşılaşdırılmasına, respublikamızın çiçəklənməsinə, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsinə xidmət edir. Təbii ki, bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun struktur vahidlərinin rolu böyükdür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əsas fəaliyyəti neft-qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı, işlənməsi, quyuların qazılması və istismarının texnika və texnologiyası, neftkimya və neft-qaz emalı sahələrində layihələndirmə və s. işlərin həyata keçirilməsinə istiqamətləndirilib. Ötən əsrin əvvəllərində dünya neft sənayesində öz sözünü deyən Azərbaycan neftçiləri həmişə onlarla birlikdə olan, problemlərinin həllində onlara şərik çıxan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun kollektivi ilə bu gün də əməkdaşlıq edirlər. Ötən bir il ərzində institut kollektivi xeyli uğurlar qazanıb.
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovdan ötən il ərzində həyata keçirilən işlər barədə məlumat aldıq. İnstitutun tarixi barədə məlumat verən F.İsmayılov qeyd etdi ki, 1929-cu ildə yaranan Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutu (AzETNİ) və 1962-ci ildə yaradılan Azərbaycan Elmi Tədqiqat Qazma İnstitutu ilə 1970-ci ildə birləşdirilmiş Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat İnstitutu (AzDNSETLİ) adlandırılmış, 2007-ci ildən etibarən isə SOCAR-ın Elmi Tədqiqatlar İnstitutu kimi fəaliyyət göstərmişdir. 1930-cu ildə emal sahəsi üçün yaranan “Azqiproneftexim” (bu İnstitut 1951-ci ildə “Qiproazneft”, 1974-ci ildə isə “Azdövneftkimli” adlandırılmışdır) və 1949-cu ildə təsis edilmiş “Dənizneftqazlayihə” (DETLİ) ilə 2003-cü ildə birləşdirilmiş, 2007-ci ildən isə bu institut SOCAR-ın “Neftqazlayihə” İnstitutu olmuşdur. 2009-cu ilin iyul ayında şirkətin Elmi Tədqiqatlar və “Neftqazlayihə” İnstitutları birləşdirilərək “Neftqazelmitədqiqatlayihə” İnstitutu yaradıldı. 2012-ci ildə isə “Geofizika Elmi Tədqiqat” İnstitutu “Neftqazelmitədqiqatlayihə” İnstitutunun tərkibinə verilmişdir. Beləliklə, “Neftqazelmitədqiqatlayihə” İnstitutu 5 institutun varisidir.
Həmsöhbətimizin dediklərindən də aydın görünür ki, institutun işləmələri nəinki Azərbaycanın, həmçinin keçmiş İttifaqın mədənlərində geniş tətbiq olunmuşdur. İnstitut kompleks tədqiqatlar apararaq Xəzər dənizi akvatoriyasında və Azərbaycanın quru ərazilərində axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən uzunmüddətli kompleks proqram tərtib etmişdir. İnstitutun mütəxəssisləri həmçinin müxtəlif sosial və sənaye obyektlərinin layihələndirilməsi üzrə çox böyük və mühüm işlər yerinə yetirmişlər. Son illər institutda layihəsi işlənilmiş bir sıra sosial obyektlərin, o cümlədən Bakıda H.Z.Tağıyev adına NQÇİ-nin, Lənkəran şəhərində Müalicə-Diaqnostika Mərkəzinin, Şirvan şəhərində şəhər stadionunun, Lökbatan qəsəbəsində yaşayış kompleksinin adlarını çəkmək olar. İnstitutun layihələri əsasında dəniz neft-qaz yataqları işlənmiş və hasil olunan xammal sahildə yerləşən sənaye obyektlərinə nəql edilmişdir. Kəşf edilmiş neft-qaz yataqlarının ehtiyatları hesablanmış, neft-qaz mədən qurğularının tikintisi, nəqli və hazırlanması üçün texniki və texnoloji əsasları işlənib hazırlanmışdır. Dəniz qurğularının korroziyadan mühafizə problemləri nəzəri və metodiki cəhətdən təhlil edilmiş, bu məsələlərə aid çoxsaylı normativ sənədlər tərtib edilmişdir.
F.İsmayılov məlumat verdi ki, 2015-ci ildə institut tərəfindən 350-yə yaxın bir sıra xüsusi əhəmiyyət kəsb edən layihə, axtarış, konstruktor, elmi-tədqiqat və təcrübi-sınaq işləri yerinə yetirilib.
İnstitutun direktoru onu da qeyd etdi ki, ötən il əldə olunan nailiyyətlərdən biri də institutun Eksperimental təcrübi-sınaq işləri bazasının istifadəyə verilməsi oldu. İnstitutda işlənmiş müxtəlif təyinatlı reagent və quyu avadanlıqlarının hazırlanması məqsədilə yaradılmış baza 2,1 hektar ərazini əhatə edir. Burada reagent istehsalı sexi və istehsalat sahəsi fəaliyyət göstərir. Baza ümumilikdə ofis binası, qazanxana, hasilat zamanı tələb olunan müxtəlif reagent və inhibitorların istehsalı üçün qurğu, xammal və hazır məhsulun saxlanılması üçün anbar, quyuların mənimsənilməsi və təmirində istifadə edilən müxtəlif təyinatlı alətlər istehsal edən qapalı sahədən ibarətdir.
Qeyd edək ki, institutun nəzdində Elmi Şuranın “Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı”, “Dəniz neft-mədən qurğuları, neft və qaz kəmərlərinin, bazalarının, anbarlarının tikilməsi və istismarı”, “Neftin, qazın emalı və neftkimya” kimi 4 elmi bölməsi fəaliyyət göstərir. Bu bölmələrin iclaslarında həftənin bütün günləri daxili seminarlar keçirilir, yekunlaşmış elmi-tədqiqat, dissertasiya işlərinin və kənar təşkilatlardan instituta aparıcı təşkilat kimi daxil olan dissertasiya işlərinin müzakirəsi keçirilir.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbələrində elmi-tədqiqat işlərinin və layihələrin işlənilməsi üzrə böyük təcrübəyə malik olan mütəxəssislər çalışırlar. İnstitutda çalışan 1071 nəfərdən 97 nəfər elmi dərəcəsi olan işçilər, onlardan 2 nəfər AMEA-nın müxbir üzvü, 12 nəfəri elmlər doktoru və 83 nəfəri fəlsəfə doktorudur. Doktoranturada qiyabi 37 nəfər və dissertantlıq yolu ilə 63 nəfər təhsil alır, bunlardan 6 doktorant və 16 dissertant Qazaxıstan Respublikasının, 4 nəfər isə Özbəkistan Respublikasının vətəndaşlarıdır.
İnstitutun beynəlxalq əlaqələr barədə məlumat verən F.İsmayılov bildirdi ki, institut bp, “AİOC”, “Statoil”, “Total”, “Kellog Brown & Root”, “Flour Daniel”, “Lukoil”, “Kverner”, “Azeri Mİ Drilling Fluids”, “Aker Rauma”, “Solar”, “Vietsovpetro”, “Technip”, “Bos Shelf”, “Karasu Operating”, “Landmark Graphics”, “Schlumberger GeoQuest”, “Unokal”, “İtoçu” və s. şirkətlərlə uzun illərdir ki, əməkdaşlıq edir: “Bundan əlavə, institut əməkdaşları ABŞ-da “Global Science and Innovation” konfransında 1 məruzə ilə, Ukraynanın Kiyev şəhərində “Nefteqaz-2015” konfransında 1 məruzə ilə, Rusiyada 10 məruzə ilə, İranın paytaxtı Tehran şəhərində 2 məruzə ilə, Almaniyanın Visbaden şəhərində 1 məruzə ilə, Bosniya-Herseqovinanın Sarayevo şəhərində “1st international Turkic World Conference on Chemical Sciences and Technologies” beynəlxalq tədbirində 2 məruzə ilə, Özbəkistanda 1 məruzə ilə iştirak ediblər. Ümumilikdə institutun əməkdaşları xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda 18 məruzə ilə iştirak ediblər və alimlərimizin xarici mətbuatda 34 məqaləsi çap olunub. O cümlədən, Ukraynanın İvano-Frankovsk şəhərində 2015-ci ilin sentyabrında “Neftqazelmitədqiqatlayihə” İnstitutu Nafta və Qaz İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. “Neftqazelmitədqiqatlayihə” İnstitutuna A.R.Beruni adına Daşkənd Dövlət Texniki Universiteti əməkdaşlıq haqqında məktubla müraciət etmiş, hazırda memorandum imzalamaq istiqamətində işlər gedir.”
Fəxrəddin müəllim xüsusi vurğuladı ki, SOCAR-ın rəhbərliyinin elmi-texniki inkişafın yeni nailiyyətlərinə istiqamətlənmiş siyasəti nəticəsində institut hal-hazırda elmi-tədqiqat və layihə işlərini yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirən ən böyük müəssisələrdən biri sayılır.
F.İsmayılov sonda bildirdi ki, institutda görülən işlər nəinki Azərbaycanda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda öyrənilir. İnstitut layihələrin yüksək texniki səviyyədə hazırlanması üçün yüksək əmsallı texniki vasitələrə malikdir. Müasir proqramlarla təmin edilmiş avadanlıqlardan istifadə olunması işin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə imkan verir ki, bu da instituta enerji-yanacaq kompleksinin obyektlərinin layihələndirilməsi və elmi-tədqiqat işləri üzrə Azərbaycanda liderlik mövqeyini qazandırır.
Orxan Vahidoğlu, “İki sahil”