30 dekabr 2017 20:06
1794

Aidə Məmmədova: Əlimdən gələni etməyə hazıram

Azərbaycanı Yaponiyada tanıdan, elmi və ictimai-siyasi fəaliyyəti ilə məşhurlaşdıran həmyerlilərimizdən biri – Aidə Məmmədova ilə hələ üç il əvvəl Tokionun “Okura” otelində, 28 May - Respublika Günü ilə bağlı səfirliyimizin təşkil etdiyi rəsmi qəbulda tanış olmuşdum. Həmin vaxt Kanazava şəhərində yaşadığını, BMT-nin Universitetində çalışdığını bildirsə də, geri qayıtmağa tələsdiyi üçün ətraflı söhbətləşə bilməmişdik. Sonralar onunla əlaqə yaratmaq, onu Yaponiyada fəaliyyətə başlayan Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin işinə cəlb etmək istəyim uğursuzluqla nəticələnmişdi. Səbəbi isə həmin tədbirdən qayıtdıqdan bir müddət sonra iş yerini dəyişməsi və nəticədə məndə olan məlumatların köhnəlməsi olmuşdu. Hətta elə düşünürdüm ki, yəqin o da qürbətin çətinliklərinə dözməyərək Azərbaycana qayıdıb.

Növbəti dəfə Aidə xanımı Komatsu şəhərinin nümayəndə heyəti ilə birlikdə Bakı və Mingəçevir şəhərlərinə səfər zamanı Azərbaycan Televiziyasının hazırladığı xəbərlər proqramında görəndə bildim ki, o, hələ də Yaponiyadadır. Səfirliyin müşaviri Fərid Talıbov isə həmin səfərin təşkilində Aidə xanımın mühüm rol oynadığını mənə bildirdi. Buna görə də ilk fürsətdən istifadə edərək onunla əlaqə yaratmaq və onu diaspor fəaliyyətinə cəlb etmək barədə düşündüm. Necə deyərlər, fürsət sanki öz ayağı ilə məni tapdı.

Komatsu şəhəri, o cümlədən Aidə xanımım yaşadığı Kanazava Yaponiyanın qərbində, Yapon dənizi sahillərində yerləşdiyinə görə bu şəhərlərə səfər etmək üçün münasib imkan Bakı şəhərinin Xətai rayon nümayəndə heyətinin Yaponiyaya növbəti səfəri zamanı yarandı. Asiyanın sonunda yerləşən, lakin müasir inkişafı, yüksək texnologiyaları və zəngin mədəniyyəti ilə seçilən Yaponiyanın regionları ilə Xətai rayon rəhbərliyinin dostluq əlaqələrinə can atması mənim Aidə xanımla növbəti görüşümə şərait yaratdı. Nümayəndə heyətinin səfəri ilə bərabər, Aidə xanım barədə də məqalə hazırlamaq üçün həmin səfərə böyük məmnuniyyətlə yollandım.

Aidə xanım məni köhnə tanış kimi, böyük məmnuniyyət və mehribanlıqla qarşıladı. Bildirdi ki, son görüşümüzdən sonra həyatında bir sıra dəyişikliklər baş verib. Hazırda Kanazava Universitetinin dosenti olmaqla yanaşı, həm də Komatsu şəhəri merinin beynəlxalq əlaqələr üzrə müşaviridir. Nümayəndə heyətinin səfəri ilə bağlı başı çox qarışıq olsa da, mənə müsahibə verməyə, suallarımı cavablandırmağa hazır olduğunu bildirdi. Müsahibəmiz isə gərgin səfər cədvəli səbəbindən yalnız avtobusda, Komatsudan Kanazava şəhərinə geri dönərkən alındı.

Doğrusunu deyim ki, Xətai rayon nümayəndə heyətinin səfəri zamanı Aidə xanımın bütün danışıqlarda Yaponiyanı təmsil edin siyasi şəxslərlə bir sırada dayanması, yapon rəsmiləri sırasında yer alması Yaponiyada yaşayan bir azərbaycanlı kimi qəlbimi qürur hissi ilə doldururdu. Bu hissləri mən 2014-cü ildə Azərbaycandan bir qrup rayon və şəhər icra hakimiyyəti başçısının Yaponiyaya səfəri zamanı yaşamışdım. Həm dünyaca məşhur “JGC” şirkətinin Tokiodakı baş ofisində, həm də mərkəzi ofisi Kobe şəhərində yerləşən tanınmış “Shinyei” şirkətində keçirilən görüşlər zamanı bu şirkətlərin layihələri barədə onların azərbaycanlı əməkdaşları Emil İlyasov və Xaqani Məlikov təqdimatlarla çıxış etmişdilər. Bu, Yaponiyada Azərbaycana olan böyük hörmətin ifadəsi olmaqla yanaşı, həm də istedadlı gənclərimizin öz gücü hesabına dünyanın ən qüdrətli dövlətlərindən biri olan Yaponiyanın aparıcı şirkətlərində yer tutması demək idi. Məhz həmin gənclərin fəaliyyəti nəticəsində Azərbaycan bu Gündoğar ölkədə yalnız zəngin mədəniyyəti, qədim tarixi olan ölkə kimi deyil, həm də istedadlı, bacarıqlı insanları olan bir ölkə kimi tanınır. Yeri gəlmişkən, bir məqamı xüsusi vurğulamaq istəyirəm. Məsələ burasındadır ki, belə gənclər nəticəsində Yaponiyada yaşayan azərbaycanlılar ziyalı, savadlı və bilikli insanlar kimi mövqe qazanmaqdadırlar. Onların önündə gedən alim-mühəndis, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil bəy Kələntərin adını xüsusi qeyd etmək istəyirəm. Bu gün Yaponiyada yaşayan hər bir azərbaycanlı bu məşhur həmyerlisi ilə fəxr edir.

Aidə xanımın həmin gənclərin sırasında deyil, önündə getməsini isə xüsusi qeyd etmək yerinə düşər. Mənimlə söhbəti zamanı o bildirdi ki, artıq 11 ildir Yaponiyadadır. O, 1984-cü ildə Rusiyanın Severobaykalsk şəhərində dünyana göz açıb. Həmin vaxt atası Qılman müəllim SSRİ-nin ən böyük layihələrindən biri sayılan Baykal-Amur magistralının tikintisinə rəhbərlik edirmiş. 1986-cı ildə həmin layihə başa çatdıqdan sonra Bakıya qayıdıblar. Orta təhsilini ingilis dili təmayüllü Dəmir yolu məktəbində, ali təhsilini isə Bakı Dövlət Universitetinin biologiya fakültəsində alıb. İngiltərənin Vestminister Universitetində magistr dərəcəsinə yiyələnib. Bundan sonra Yaponiyaya turist gəzintisinə gəlib. Zəngin yapon mədəniyyəti onu özünə necə cəlb edibsə, burada qalaraq onu tədqiq etməyə başlayıb. Kanazava şəhərində yerləşərək, həm yapon dilini öyrənib, həm də tədqiqatla məşğul olub. Kanazava Universitetinin tibb fakültəsinin doktoranturasına daxil olaraq 2013-cü ildə burada doktorluq dissertasiyasını müdafiə edib. Tibb üzrə fəlsəfə elmləri doktoru dərəcəsini alıb. BMT-nin Universitetində layihə assistenti kimi elmi fəaliyyətini davam etdirib. Hazırda Kanazava Universitetinin dosentidir. Bununla yanaşı, İşikava prefekturası beynəlxalq əməkdaşlığın təşviqi şöbəsinin üzvü və eyni zamanda Komatsu merinin beynəlxalq əlaqələr üzrə müşaviridir.

Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi ilə sıx əlaqə saxladığını, 2020-ci ildə Tokiodakı keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Yaponiyanın bölgələrindən gələn sorğulara cavab olaraq Azərbaycan barədə məlumatlar verdiyini bildirdi. O əlavə etdi ki, Rio Olimpiadasında idmançılarımızın uğurlu çıxışı, xüsusən bəzi idman növlərində final yarışları zamanı azərbaycanlı idmançıların yaponlarla qarşılaşması Yaponiyada Azərbaycana çox böyük maraq yaradıb. Eyni zamanda, son illər “Made in Azerbaijan” brendli məhsullar da Yaponiya bazarında özünə yer etməyə başlayıb. Təbiiliyi və yüksək keyfiyyəti ilə seçilən bu məhsullar yaponlar tərəfindən böyük maraqla qarşılanır.

Komatsu ilə Azərbaycan arasında əlaqələrin “Silk Way West Airlines” şirkətinin iki il bundan əvvəl karqo uçuşları ilə başladığını bildirən həmyerlimiz qeyd etdi ki, məhz bu reyslər yaponlar tərəfindən ölkəmizə olan marağın artmasına səbəb olub. Azərbaycan səfirliyinin təşəbbüsü ilə Komatsu nümayəndə heyəti cari ildə Azərbaycan səfər edərək Mingəçevir şəhərində və Xətai rayonunda olub.

Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərdən çox xoş təəssüratlara qayıtdığını vurğulayan həmyerlimiz bildirib ki, yapon tərəfi Azərbaycanla siyasi, iqtisadi, mədəni və regional əməkdaşlıqla yanaşı, təhsil sahəsində də əlaqələri genişləndirmək niyyətindədir. Səfər zamanı nümayəndə heyətinin tərkibində olan Komatsu Universitetinin rektoru Bakı Dövlət Universitetində keçirilən görüşdə belə bir təşəbbüslə çıxış edib və həmin təklif böyük rəğbətlə qəbul edilib. Əldə edilən razılaşmaya əsasən, iki universitet arasında təcrübə mübadiləsi, müəllim-tələbə heyətlərinin qarşılıqlı səfərləri və birgə layihələr nəzərdə tutulur. Gələn ildən başlayaraq bu əlaqələrin intensivləşdirilməsi qərar alınıb.

Həm Kanazava, həm də Komatsu şəhərləri barədə məlumat verən Aidə xanım bildirdi ki, Yaponiyanın qərbində yerləşən bu şəhərlər həm yüksək texnologiyaları, həm də müasir avadanlıq, nəqliyyat və tikinti maşınlarının istehsalı üzrə mərkəzlər kimi bütün dünyada yaxşı tanınıb. Bu şəhərlərlə əməkdaşlıq Azərbaycan üçün çox faydalı ola bilər. Həmyerlimiz xüsusi vurğuladı ki, Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişafı üçün əlindən gələni etməyə hazırdır və çalışacaq ki, bu əlaqələr bütün sahələrdə inkişaf etsin.