25 fevral 2018 18:59
1437

“My Broker” 11-ci "CEO Lunch Baku" tədbirində iştirak edib

“My Broker” Gömrük Təmsilçiliyi "Caspian European Club"un 11-ci "CEO Lunch Baku" tədbirində iştirak edib.

“İki sahil”in məlumatına görə, “Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qonaqları Klubun fəaliyyəti, gələcək planlar və nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırıb. Telman Əliyev Klubun Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb: "Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Yarandığı ilk gündən Klub neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. "Caspian European Club" dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır”.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev "CEO Lunch"da fəxri qonaq qismində iştirak edib.

"Caspian European Club"un üzvləri ilə görüşdə çıxış edən Sahil Babayev biznesin problemlərinin müzakirəsi və onların həlli yollarının tapılması məqsədilə aktual meydançanın yaradılmasında Klubun fəaliyyətinin əhəmiyyətini vurğulayıb: "Azərbaycanın İqtisadiyyat Nazirliyi, öz növbəsində özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın inkişafına hər cür yardım göstərməyə və bu işə öz töhfəsini verməyə çalışır. Xüsusilə Azərbaycan məhsullarının xaricdə irəliləyişi məqsədilə dünyanın müxtəlif ölkələrinin birgə sənaye-ticarət palataları çərçivəsində fəal iş həyata keçirilir, müxtəlif ixrac missiyaları, biznes-forumlar və digər tədbirlər təşkil edilir. Hazırda Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılıb".

Tədbirdə çıxış edən “My Broker” Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyev “My Broker” Gömrük Təmsilçiliyinin gömrük əməliyyatları üzrə vətəndaşlarımızın rahatlığı  istiqamətində  fəaliyətindən danışıb. Həmçinin, ixrac prosesslərində sahibkarlara gömrük əməliyyatları üzrə konsaltinq xidmətlərinin göstərilməsi, sənədləşmənin təşkil edilməsi, Azərbaycan məhsullarının ixrac olunaraq xarici bazarlara çıxışının təşkil olunması istiqamətində görülən işlərdən bəhs edib. 

Qeyd olunub ki, “My Broker” Gömrük Təmsilçiliyi sahibkarların gömrük əməliyyatlarına sərf etdikləri zamanı minimuma endirmək, gömrük rəsmiləşdirmə əməliyyatlarını asanlaşdırmaq, idxal və ixrac əməliyyatlarında, şəffaflığın təmin olunması məqsədi ilə Bakı şəhəri 1, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərində, 1 saylı “ASAN Kommunal” mərkəzində, eləcə də Sumqayıt "ASAN xidmət" mərkəzində xidmət pəncərələri yaradıb.

Rəşad Əliyev iqtisadiyyatın inkişafında ixrac əməliyyatlarının artırılması istiqamətində “My Broker” Gömrük Təmsilçiliyinin rəsmi web səhifəsinə (www.mybroker.az) daxil olmaqla  ixrac portalından, online konsultasiya xidmətlərindən, sənədlərin online qəbulu mexanizmindən vətəndaşların istifadə edə biləcəyini bildirib. 

İqtisadiyyat Nazirliyinin milli iqtisadiyyatımızın inkişafı istiqamətində gördüyü işlər, sahibkarlığa göstərdiyi diqqət və qayğıya görə, eləcə də “My Broker” Gömrük Təmsilçiliyi ilə birgə əməkdaşlıq etməyi qəbul etdiyi üçün tədbirin fəxri qonağı olan İqtisadiyyat nazirinin müavini Sahib Babayevə təşəkkürünü bildirib.

R.Əliyev qeyd edib ki, sahibkarlığın inkişafı istiqamətində dövlətimizin ixrac missiyası üzrə həyata keçirdiyi işlərdə “My Broker” Gömrük Təmsilçiliyinin də bu istiqamətdə üzərinə düşdüyü qədər rolunun  olması qürurverici  hissdir.