Yeni Qaydanın tətbiqi ilə bu, daha sadə olacaq
Ölkəmizdə dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması yolu ilə səmərəliliyin, hesabatlılığın və şəffaflığın artırılması üçün kompleks islahatlar davam etdirilir. İndiyədək bu islahatlar çərçivəsində tikinti sahəsinin inkişaf etdirilməsi, tikinti prosedurlarının təkmilləşdirilməsi və bu sahəyə özəl investisiyaların cəlb olunması məqsədi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilib, tikintiyə icazə alma mexanizmi “bir pəncərə” prinsipi əsasında sadələşdirilib və müraciətlərə baxılma müddətləri qısaldılıb.
Təsadüfi deyil ki, bu sektor üzrə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Nəticədə Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb.
Bununla belə, tikinti sahəsində iqtisadi inkişafın daha da genişləndirilməsi və bu sektorda islahatların davam etdirilməsi, eyni zamanda, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin edilməsi bəzi tikinti obyektlərinə münasibətdə də tikintiyə icazə verilməsinə vahid yanaşmanın təmin edilməsini vacib edirdi. Bu məqsədlə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanının birinci hissindən irəli gələrək “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi bu sahədə yeni yanaşmanın tətbiqinə imkan verəcəyi şübhəsizdir.
Bununla da yeni qayda tikinti layihəsini hazırlayacaq tərəfdən tutmuş sənədlərin yoxlanılması, müvafiq orqan tərəfindən rəy verilməsi, tikintiyə və istismara icazə müddətlərini, eyni zamanda, icazədən imtina və çatışmazlıqların aradan qaldırılması, tikinti obyekti üzərində əmlak hüquqlarının qeydiyyatının aparılma prosedurunu müəyyən etməklə yanaşı, onlar üçün tələb olunan vaxt məhdudiyyətlərini də bəlli edir.
Qaydaya görə, sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədi ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət etməli, müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur.
Eyni zamanda, tikintiyə icazə verən orqan 2 iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir. Sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Rəy bildirmədikdə, tikinti layihəsi razılaşdırılmış hesab olunacaq
Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğuna dair rəydə layihənin şəhərsalma sənədlərinə uyğun olub-olmaması göstərilməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.
Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy bildirildiyi gün icazə verən orqan növbəti mərhələdə sanitariya-gigiyena tələblərinə uyğunluq baxımından rəy bildirməsi məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, yanğın təhlükəsizliyi tələblərinə uyğunluq baxımından isə Fövqəladə Hallar Nazirliyinə sorğu göndərməli, həmçinin tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin təchizat müəssisələrindən əldə edilməsi üçün “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə, yaxud kiçik və orta biznes evlərinə müraciət etməlidir.
Bununla da göstərilən sorğuya bu dəfə də 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində rəy bildirilmədikdə, yuxarıda qeyd olunduğu kimi, tikintiyə icazə verən orqan iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi rəyini bildirməyən qurumla razılaşdırılmış hesab olunur. Nəticədə icazə verən orqan sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 iş günü müddətində tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Tikintiyə icazə verildiyi halda icazə verən orqan 1 iş günündən gec olmayaraq kağız və ya elektron formada icazənin surətini, habelə tikinti layihəsinin bir nüsxəsini sifarişçiyə təqdim edir və belə icazə tikintiyə başlanılması üçün əsas hesab olunur.
Tikinti başa çatdıqdan sonra icazə verən orqan tikinti obyektinin istismarına icazə verilməsi üçün müraciətin təqdim edildiyi gündən 10 gün müddətində həmin obyektin istismarına icazə verməli və ya icazə verməkdən imtina etməlidir. Tikinti obyektinin istismarına icazə müəyyən edilmiş vahid formada verilir və icazə verən orqanın məsul şəxsi onu imzalayır və möhürlə təsdiqləyir.
Yeni qayda tikinti və istismara icazə ilə yanaşı, layihənin hazırlanması, müraciət üçün tələb olunan sənədlər, tikintiyə başlanılması üçün lazım olan hazırlıq işləri, obyekt üzərində əmlak hüquqlarının qeydiyyata alınması kimi məsələləri də tənzimləyir.
Qeyd edək ki, bu qayda tikintisi icazə tələb edən, ancaq ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərini əhatə edir.
Görünən odur ki, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın tətbiqi hazırda tikinti obyektləri ilə bağlı tez-tez qarşılaşdığımız şəhərsalma, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə uyğunsuzluqlara birdəfəlik son qoymaqla yanaşı, digər neqativ halların da qarşısını almağa imkan verir. Eyni zamanda, tikintiyə icazə prosedurunun sadələşdirilməsi tikinti sektoruna əlavə stimul olmaqla bərabər, Azərbaycanın beynəlxalq reytinqlərdəki mövqeyinin daha da yaxşılaşdırılmasına şərait yaradacaq.
Ceyhun Piriyev, “İki sahil”