23 aprel 2019 10:12
984

Odlar Yurdunda sürət yenidən yüksəlir

Dünyanın sayılıb seçilən 20 şəhərindən sonra Bakı 21-ci şəhərdir ki, bu qədər geniş auditoriyası olan yarışa ev sahibliyi edir. Keçirildiyi ilk gündən istər təşkilatçılıq məsələləri, istər öz unikallığı ilə seçilən Formula-1-in Azərbaycan Qran-prisi hər zaman dünya mediasının diqqət mərkəzində olmuşdur.

Keçirildiyi hər bir ölkədə çoxsaylı azarkeş qrupu olan yarışlara hər il Bakıda on minlərlə bilet satılır. Rəsmi məlumatlara görə, hazırda 48 ölkədə Bakı Qran-prisi üçün biletlər satılıb və bu rəqəm durmadan artır. Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "İki sahil"ə açıqlamasında bildirdi ki, bu il bilet satışları ötən illərlə yüksək artımla davam edir. "Xüsusilə xarici ölkələrə satılan biletlərin sayında yüksək artım müşahidə olunur. Təbii ki, yerli tamaşaçıların da fəal iştirakı nəzərəçarpacaq qədər yüksəlib. Əgər ötən il bilet satışlarında 30 faiz artım müşahidə edilirdisə, tam əminliklə deyə bilərəm ki,  bu rəqəm bu il daha yüksək səviyyədədir. Daha dəqiq rəqəm göstəriciləri Qran-prinin ilk turundan sonra müəyyənləşəcək ", - deyə N.Arpadarai vurğulayıb. 

Azərbaycan Qran-prisini digərlərindən fərqləndirən cəhətlər hansılardır?

Bakı trassının gözəlliyi. Əvvəla onu qeyd edək ki, Formula-1 hər bir ölkədə özünəməxsus yarış trasları ilə seçilir. Bir çox şəhərlərdə şəhərdənkənar, sırf yarış üçün istifadə olunan traslardan fərqli olaraq Bakı Monako, Sinqapurdakı kimi şəhər trassına sahibdir. Bu da yarış maşınlarının hərəkət istiqamətləri boyu şəhərimizin bütün gözəlliklərini, özünəməxsusluğunu və unikallığını göstərməkdə bizə yardımçı olan amildir. Qoşa qala qapıları, Qız Qalası, Dövlət Filarmoniyasının, eyni zamanda müxtəlif tarixi və müasir binalarımızın əhatəsində qurulan trass Bakımızın qədimliyi ilə çağdaşlığın sintezindən doğan mükəmməl mənzərəsini bütün dünyaya tanıtmaqda yardımçı olur. Nəticədə isə yüksək sürət və adrenalinin verdiyi həyəcanla gözoxşayan mənzərə ahəngində tamaşaçılar zövqlü yarış izləmə imkanı əldə edirlər.

Maraqlı yürüşlər məhz Azərbaycan Qran-prisinə şamil edilir. Bu, 2017 və 2018-ci illərdə azarkeşlər arasında aparılan sorğular nəticəsində söylənən faktdır. İki il üst-üstə dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn və çoxsaylı yürüşlərin şahidi olan azarkeşlərin bu fikirləri, əlbəttə, Azərbaycandakı yüksək təşkilatçılıq qabiliyyətindən, yarışlara ayrılan xüsusi diqqətdən və məsuliyyətdən xəbər verir. Bütün bunlar, təbii ki, ölkəmiz üçün, onun xaricdə yüksək imicinin formalaşması üçün təqdirəlayiq haldır.

Dünyada yarım milyarddan çox auditoriyası olan yarışları işıqlandırmaq üçün çoxsaylı ölkələrdən media nümayəndələrinin də yüksək marağı hər il diqqət çəkən məsələlər sırasındadır. İndiyə kimi müxtəlif ölkələrdən 100-dən çox jurnalistin akkreditasiyadan keçdikləri rəsmi məlumatlarda yer alır. Akkreditə olunan jurnalistlər həftələr öncəsindən ölkəmizə gəliblər və burda ayrı-ayrı seminarlarda iştirak edərək vəziyyətlə tanış ediliblər.

Bu möhtəşəm yarışların ölkəmizdə keçirilməsi sadəcə mühüm idman tədbiri deyil, eyni zamanda, Azərbaycana müxtəlif sahələrdə müsbət təsir göstərməsi deməkdir. Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı qəzetimizə açıqlamasında qeyd etdi ki, dünyada geniş auditoriyası olan bu yarışların Bakıda keçirilməsi ilk növbədə ölkəmizə hər il durmadan artan turist axınının gəlməsi deməkdir. "Bundan öncəki illərdə keçirilən digər beynəlxalq tədbirlər vasitəsilə adını dünyaya daha çox eşitdirən ölkəmiz Formula-1 vasitəsilə hər il durmadan artan turist axınının şahidi olur. Artıq Azərbaycan öz gözəlliyi, əsrarəngizliyi, zəngin və möhtəşəm təbiəti, dünya standartlarına cavab verən müasirliyi, Şərqlə Qərbin vəhdətini özündə birləşdirən ecazkarlığı ilə turizm sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır. Bu da təbii ki, özü özlüyündə bizim daha çox tanınmağımızda, özümüzü daha rahat ifadə etməyimizdə əvəzsiz rol oynayan amillərdəndir."

Turist axını sadəcə Azərbaycan adının dünyada məşhurlaşdırılması deyil.  O, eyni zamanda, kapital axınına, sərmayə yatırımlarına da birbaşa olaraq təsir edəcək. Milli Məclisin  deputatı Aydın Hüseynov isə "İki sahil"ə açıqlamasında bildirdi ki,  Formula-1  ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində böyük canlanmaya səbəb olacaq: “Birinci növbədə qeyd etmək istərdim ki, Formula-1 yarışı çoxlu sayda izləyicisi olan bir yarışdır. Onu izləmək üçün həmişə çoxsayda tamaşaçılar gəlir və bu da ilk olaraq o deməkdir ki, paytaxtımıza turist qismində həm idmançılar, həm onların müşahidəçiləri , həm də bu yarışları izləməkdən zövq alan minlərlə xarici vətəndaş gələcəklər.  Bu da öz növbəsində xidmət sahəsində, bank sektorunda, otel sektorunda yaxşı mənada müəyyən bir canlanma yaradacaq. Formula-1-in  gedişi dünyanın bir çox ölkəsində canlı yayımlanacaq.

Bunu Bakı ilə birbaşa tanışlıq kimi qiymətləndirən Aydın Hüseynov qeyd etdi ki, bu, yaxşı mənada paytaxtımızın reklamına birbaşa şərait yaradacaq: "İdmançılar təkcə Bakı yox, Bakıətrafı yerlərə də baş çəkəcəklər. Yarışların bu qədər izlənilməsi, turist axının çoxalması növbəti illərdə Azərbaycana marağı daha da artıracaq, turizmin inkişafına öz təsirini göstərəcək, iş adamlarının, investorların marağını artıracaq. Gələn turistlər Azərbaycan məhsulları ilə, iqtisadiyyatı ilə, eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti ilə də tanış olacaqlar. Muzeylərimizdə bir canlanma olacağı da danılmaz faktdır. Bunların sayəsində, əlbəttə, iqtisadiyyatımızda bir canlanma müşahidə olunacaq və bu da öz iqtisadi səmərəsini verəcək."

 Bütün bunlar bir daha sübut edir ki, adını dünyaya həm də idman ölkəsi kimi tanıdan Azərbaycan beynəlxalq arenada uğurlarına daha birini əlavə etməkdə iddialıdır.

Nilufər Mustafaqızı, “İki sahil"