07 yanvar 2021 18:00
3211

Olimpiya oyunlarının yaranma tarixi ilə bağlı bunları bilirdinizmi?

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub və Egey dənizi sahilində yerləşib.  Qədim yunan mifologiyasında hündürlüyü 2911 metr olan Olimp müqəddəs dağ sayılıb, Zevs başda olmaqla allahların məkanı olub. Rəvayətlərə görə, allahların burada keçirilən məclisi də Olimp adlanırdı. Bu oyunlar ilk dəfə e. ə. 776-cı ildə Zevsin şərəfinə  keçirilməyə başladı. Olimpiya Oyunları 5 gün ərzində keçirilirdi, 1-ci və 5-ci günlər təntənəli mərasimlər, qalan günlər isə idman yarışlarına həsr edilirdi.

Klassik dövr (e.ə. 5-4 əsrlər) Olimpiya Oyunlarının proqramına ikitəkərli arabalarda yürüş, yumruq döyüşü, beşnövçülük (qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), həmçinin incəsənət müsabiqələri və s. daxil olunurdu.

Əsrlər keçməsinə baxmayaraq Olimpiya oyunları öz tərbiyəvi əhəmiyyətini itirməmişdir. Zevsin heykəlində qeyd edilmişdir: «Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar».

Bu yarışlara ölkənin azad və ən layiqli vətəndaşları buraxılırdı. Hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar: «Əgər sən məşq etmisənsə, bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və  çıx get».

Bu fəlsəfi ideya insanları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırmışdır. Öz şəxsi mənafeyi, varlanmağı naminə yarışlarda iştirak edənlər ifşa olunur, onları qorxaq və bədbəxt adamlar adlandırırdılar. Yarışlar zamanı rəqiblə kobud rəftar etmək, bilərəkdən və ya təsadüfən onu öldürmək qəti qadağan idi, hakimləri ələ almaq istəyənləri isə ölüm gözləyirdi.

Qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Rəvayətə görə, tamaşaçılar arasında öz həyat yoldaşının paltarlarını geymiş Kallirpateria oğlu Olimpiya çempionu olduqda həyəcanını gizlədə bilməyərək stadiona atılmış və oğlunu qucaqlamışdır. Qadın həyəcandan yerişini və geydiyi paltarı unudur, başından papağı düşür və hamı onun qadın olduğunu görür . Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası Diaqor və oğlu müxtəlif vaxtlarda Olimpiya Oyunlarının qalibləri olduqlarına görə onu bağışlamışdılar. Bir müddət keçdikdən sonra yeni bir  qərar qəbul edilmişdi. Bu qanuna görə, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli və mandatdan keçməli olmuşlar.
İlk vaxtlar Olimpiya Oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər olan 192, 27 m (stadiya) məsafə qət etmək üzrə yarışırdılar. 37-ci Olimpiya Oyunlarından sonra uşaqların də iştirakı üçün xüsusi gün ayrıldı və oyunları keçirildiyi  zaman Yunanıstanda müharibələr dayandırılırdı.
Oyunlar keçirilən günlərdə incəsənət müsabiqələri təşkil edilir, mahnılar ifa olunurdu. Məşhur tarixçi Herodot, filosof Sokrat,  Demosfen, yazıçı Lukian, riyaziyyatçı Pifaqor və digər görkəmli şəxslər belə tədbirlərdə həvəslə iştirak etmişlər. Eramızdan əvvəl V əsrdə Olimpiya Oyunları daha geniş şəkil alaraq 5 gün uzadılmışdı. Bu oyunlar Peloponnes əyalətinin Kronos dağı ətəyində yerləşən Olimpiya vadisində 4 ildən bir Olimpiya Oyunları adı altında keçirilmişdir. İndi də bura yunanlar üçün müqəddəs yer sayılır. Yunanların qədim ənənəsi əsasında  ilk Olimpiya çempionlarının adları Alfey çayının sahili boyunca ucaldılmış mərmər sütunlarda həkk edilmişdir.

O vaxt Olimpiya Oyunlarında iştirak etmək istəyən adamların adları xüsusi siyahıya qeyd edilirdi. Yarışda iştirak edəcək atlet 10 ay ərzində öz hesabına xüsusi məktəblərdə yarışlara hazırlaşırdı. Oyunlar 1170 il davam etmişdir. Roma imperatoru I Feodosinin (eramızın 394-cü ilində) olimpiadaları ləğv etmək əmrinə qədər qədim Yunanıstanda 293 belə Olimpiya Oyunları keçirilmişdir. 32 il sonra (426-cı ildə) idman şənliklərini insanların yaddaşından silmək üçün Roma imperatoru I Feodosi Olimpiya şəhərini yandırmağı əmr etmişdi. Həmin yanğından sonra Yunanıstanda memarlıq və mədəniyyət mərkəzi olan Olimpin salamat qalmış bəzi tikililəri də 511 və 522-ci illərdə baş vermiş dəhşətli zəlzələlər zamanı tamamilə dağılmışdı. On beş əsr keçəndən sonra Olimpiya Oyunlarının yenidən keçirilməsi məsələsi meydana gəlir. 1829-cu ildə Yunanıstan istiqlaliyyət qazandıqdan sonra idman bayramlarını bərpa etmək üçün səylər göstərilir.

Qədim Yunanıstanda mövcud olmuş Olimpiya Oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir.Təbii ki, bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil.

1924-cü ildə isə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarından iki il irəli çəkildi.

Samirə Tağıyeva, “İki sahil”