25 yanvar 2021 19:07
876

Ölkəmizdə əlillərə, şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərilir

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini və məhəbbətinin gündən-günə artırır.

"İki sahil" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin Sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olduğunun bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq. Bu sahədə həyata keçirilən tədbirlər hər zaman olduğu kimi, ictimaiyyət tərəfindən böyük rəğbətlə və məmnunluqla qarşılanacaq.

“Tam qətiyyətlə inanıram ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək”, - deyə deputat qeyd edib.