09 noyabr 2026 17:55
258

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Maskatda Azərbaycanın Oman Sultanlığındakı Səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə Omanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, işgüzar dairələrin nümayəndələri, yerli media təmsilçiləri və Oman Sultanlığında yaşayan azərbaycanlılar iştirak ediblər.

Səfirlikdən “İki sahil”ə bildirilib ki, səfir Rəşad İsmayılov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın tarixində və xalqımızın yaddaşında xüsusi yer tutduğunu diqqətə çatdırıb, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini və tarixi ədalətin təmin olunduğunu vurğulayıb.

Çıxışında səfir müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən, eləcə də Azərbaycanın regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində atdığı addımlardan danışıb.

Türkiyə, Ukrayna, Qazaxıstan, Tacikistan, Pakistan, Macarıstan, İtaliya və Şimali Kipr Türk Cümhuriyyətinin Omandakı səfirləri, habelə digər diplomatik nümayəndəliklərin təmsilçiləri də tədbirdə iştirak ediblər.

Tədbirdə Zəfər Gününə həsr olunmuş, eləcə də “Azərbaycanda mina fəaliyyəti: prioritetlər və ehtiyaclar” adlı videoçarxlar nümayiş etdirilib.

Azərbaycan musiqisi səsləndirilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim edilib. İştirakçılar Azərbaycan xalqının birlik və həmrəylik ruhunu, eləcə də Zəfər Gününün daşıdığı məna və dəyərləri yüksək qiymətləndiriblər.