18 sentyabr 2019 10:43
1113

«Ömrümün illəri və izləri» - FOTO

 Çoxsaylı neftçilər ailəsinin rəmzi olan, dəniz ideologiyasının fəlsəfəsini mükəmməl bilən  SOCAR-ın birinci vitse- prezidenti Xoşbəxt Yusifzadənin eyni adlı  kitabının təqdimatı keçirildi

SOCAR-ın birinci vitse-prezidenti, akademik, «İstiqlal», «Şərəf» ordenləri ilə təltif olunmuş  Xoşbəxt Yusifzadənin «Ömrümün illəri və izləri» kitabı böyük şəxsiyyətin həyat yoluna,  neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə baxış olmaqla, həqiqi dost, yoldaş, səmimi insan, müsahib olmağın xarakterik xüsusiyyətlərini oxucuya çatdırır.

  Müəllifi olduğu kitabın «Son sözü»ndə Xoşbəxt müəllimin  qeyd etdiyi bu fikirlər oxucuya  həyatda əsl insan kimi yaşamağın  fəlsəfəsini açıqlayır: «Xəyalən dönüb ömrümün arxada qalan illərinə baxdım. O illərin aylarını, günlərini, istisini-soyuğunu, sevincini-kədərini yenidən yaşaya-yaşaya xatirələrimi kağız üzərinə köçürub son nöqtəni qoydum. Amma hiss etdim ki, son nöqtə son söz deyil. Bu dünyada sözün söz yeri, nöqtənin nöqtə yeri var... Söz ömürdür. Son nöqtəni qoymaq səlahiyyəti də İlahinin əlindədir. Bu nöqtəni O, nə vaxt qoyacaq, bilmirəm. Hələ ki, yaşayır, düşünür, sözümü deyirəm və hərdən bu barədə fikirləşəndə yadıma dünyagörmüş kişilərin sözü düşür: «Biz əlimizdən gələni, bacardığımızı etdik, Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!»

  Azərbaycanın neft sənayesinin inkişafında  misilsiz xidmətləri ilə nümunə göstərilən, canlı əfsanə olan, uşaqlıq,  gənclik illərindən  söz açan Xoşbəxt müəllimin hər tövsiyəsi həyatını neft sənayesi ilə bağlamaq istəyən gənclərə müdriklik tövsiyəsi olmaqla, insanlarda ən vacib keyfiyyət olan  məsuliyyət hissini şəxsiyyəti tamamlayan amil kimi diqqətə çəkir.

Qlobal enerji layihələri ilə dünyada  tanınan Azərbaycan neftçilərinin şanlı ənənələrini ləyaqətlə davam etdirən,  neft salnaməsinə imzasını əlavə edən  Xoşbəxt Yusifzadənin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfələri sadalamaqla  bitməz. Ulu öndər Heydər Əliyevin Xoşbəxt Yusifzadə haqqında  dediyi « Siz ölkəmizdə  zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə  böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər dənizində genişmiqyasılı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür» sözləri zəhmətə verilən dəyərdir.  Akademik Xoşbəxt Yusifzadə haqqında  Prezident İlham Əliyevin söylədikləri də müstəqillik illərində  Azərbaycanın neft sənayesinin inkişafında, «Əsrin müqaviləsi»nin hazırlanmasında böyük xidmətləri olan təcrübəli geoloqun əməyinə verilən ən böyük qiymətdir: « Müstəqil Azərbaycanın dünyanın məşhur neft şirkətləri ilə  imzaladığı müqavilələrin müvəffəqiyyətlə gerçəkləşməsində xüsusi fərqlənən Xoşbəxt Yusifzadə bu gün də yorulmadan çalışır,  elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini  davam etdirir.» 

     Dünən Azərbaycan – Fransız Universitetində  (UFAZ) Xoşbəxt Yusifzadənin fransız dilinə tərcümə olunmuş  «Ömrümün illəri və izləri» kitabının təqdimat mərasimində  çıxış edənlər kitab və eyni zamanda   müəllif  haqqında ürək sözlərini bildirdilər.

 Təqdimat mərasimində çıxış edən «Total» şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal kitabı Fransa-Azərbaycan  münasibətlərinin möhkəmlənməsinin, neft şirkətləri arasında  əlaqələrin gücləndirilməsinin nümunəsi adlandırdı. Kitabı  qədim neft diyarı olan Azərbaycanın 50 illik  tarixinə baxış, ensiklopedik məlumat adlandıran  «Total»ın nümayəndəsi vurğuladı ki,  Xoşbəxt Yusifzadənin adı  ölkə sərhədlərini aşıb:

-  «Abşeron» yatağının kəşfində iştirak edən təcrübəli geoloq  Xoşbəxt Yusifzadə «Total» əməkdaşlarının yaxın məsləhətçisi kimi  köməyini əsirgəməmişdir. Qeyri-adi istedadı ilə fərqlənən bu insanın adı əməli ilə  eynilik təşkil edir, insanlarda xoş əhval-ruhiyyə yaradır. Onun  əmək yolu  dünyanın  enerji  xəritəsini dəyişən qüdrətli bir  ölkənin tanınmış şirkəti ilə tanışlıq deməkdir.  Azərbaycan, rus, Vyetnam dillərində  oxucuya təqdim olunan «Ömrümün illəri və izləri» kitabının  fransız dilinə tərcüməsi əlaqələrimizin  sarsılmazlığının göstəricisidir.

 Kitabın tərcüməsində xüsusi əməyi olan xanım Jeani Demarşal   Xoşbəxt müəllimin uşaqlıq, gənclik illərindən, təcrübəli geoloq kimi  Azərbaycanda  yeni  yataqların kəşfində  fədakarlığından danışdı. Bildirdi ki, kitab fransız oxucuları tərəfindən də maraqla qarşılanacaq. 

 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı çıxış edərək bildirdi ki,    vaxtilə  bu ali məktəbdə təhsil alan, universitetimizin tələbələri üçün örnək olan  Xoşbəxt Yusifzadənin ömür yolunu səhifələrində yaşadan bu kitab bir neçə baxımdan dəyərlidir:

- Kitabı oxuyan hər kəs ötən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı haqqında dolğun məlumat alır.

  Kitabın ana xəttini bir  amal təşkil edir: Zəhmət,  qətiyyət , peşəyə bağlılıq bütün uğurların açarıdır.

 Xoşbəxt Yusifzadənin maraqlı, çətin, keşməkeşli  həyat yolunu,  biri-birindən əhəmiyyətli kəşflərini,  neft strukturlarındakı fəaliyyətini əks etdirən, bir növ  əmək kitabçası  hesab olunan «Ömrümün illəri və izləri» Azərbaycanın inkişafı naminə çalışan hər bir ölkə vətəndaşı üçün örnəkdir. Onun neft sənayesinin inkişafı üçün göstərdiyi xidmətlər təsdiqləyir ki,  Xoşbəxt Yusifzadə üçün vəzifənin  böyük- kiçiyi yoxdur. Onun üçün  ən böyük mükafat işini məsuliyyətlə yerinə yetirmək, etimadı doğrultmaqdır. Neft sənayesində ən müasir  geofiziki texnologiyaların tətbiqi, proqram və  geofiziki tədqiqatların öyrənilməsi, uğurla başa çatdırılması ömrünü neft sənayesinin inkişafına həsr etmiş bu cəfakeş insanın adı ilə bağlıdır. Xoşbəxt müəllimin bir xoşbəxtliyi də ondadır ki, ADNSU-da onun adına tələbə təqaüdü təsis olunub. Bununla belə insani keyfiyyətləri, mənəvi zənginliyi ilə tanınan Xoşbəxt müəllim  imkansız tələbələrə maddi yardımlar göstərir, onların təhsili, yaşayışı ilə maraqlanır, məzun olduqdan sonrakı taleyi, iş yerləri ilə təminatı məsələlərini diqqətdə saxlayır.

 Rektor vurğuladı ki,  ADNSU-nun kollektivi, tələbələri xoşbəxtdirlər ki,   böyük şəxsiyyətlərin məzunu olduqları bu ali  məktəbdə çalışır, təhsil alırlar. Xoşbəxt müəllimi çoxlarından fərqləndirən  Vətənə bağlılığıdır.  Bir çox insanlar  qazandıqları təcrübəni başqa dövlətlərin inkişafına sərf  edirlər. Amma Xoşbəxt müəllimin  ömür şəcərəsi də, əmək fəaliyyəti də  Azərbaycanla bağlıdır. O, daim  öz xalqına xidmət etmiş və bundan sonra da fəaliyyətini  ölkəmizin neft sənayesinin inkişafına həsr edəcək. Bu kitab təkcə həyat hekayələri baxımından dəyərli deyil. Kitabın hər bir epizodu bu alimin, mühəndisin, geoloqun həyat manifestidir:

-  Kitabda yer alan bir məqama diqqət yetirmək istəyirəm. Komsomol sıralarına daxil olmaq üçün  hələ kiçik yaşlarından göstərdiyi qətiyyət  təsdiqləyir ki,  məqsədi naminə hər cür çətinliyə hazır olan gənc Xoşbəxtin gələcəyi elə mütləq xoşbəxt olmalıdır. Həyat bu  həqiqəti tanınmış alimin simasında təsdiqlədi.  Bir sözlə, bu kitab Azərbaycan gəncinə Azərbaycanı, xalqını, Vətənini sevməyi öyrədir. Kitabın ingilis dilinə tərcüməsi isə bu tanınmış şəxsiyyətin daha geniş  coğrafiyada tanınması imkanlarını artırar.

 SOCAR-ın strateji inkişaf üzrə  vitse-prezidenti Tofiq Qəhrəmanov
«Əsrin müqaviləsi»nin reallaşması ilə Azərbaycanın dünya birliyində ən zəngin neft ehtiyatlarına  malik ölkə kimi tanınmasında    xüsusi əməyi olan,  akademik Xoşbəxt Yusifzadə ilə bağlı tədbirin keçirilməsini  çoxsaylı neftçilər ailəsinə diqqət adlandırdı:

 -Xoşbəxt müəllim haqqında danışmaq mənim üçün həm asan, həm də çətindir. Asandır ona görə ki, biz onunla bir yerdə çalışırıq. Çətindir ona görə ki,  dəyərli illərini, bütün fəaliyyətini neft sənayesinin inkişafına həsr etmiş  Xoşbəxt müəllim haqqında danışmaq böyük məsuliyyət tələb edir.  Azərbaycan neftçilərinin rəmzi olan Xoşbəxt müəllim haqqında dəyərli fikirlərini   ən yüksək səviyyədə bildirən ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin hər sözü  onun çoxillik fəaliyyətinə verilən qiymətdir.  «Əsrin  müqaviləsi»nin hazırlanmasında böyük xidmətləri olan Xoşbəxt müəllimin əməyinin nəticəsi bu gün Azərbaycanın dünyada neft diyarı kimi tanınmasıdır.

 Adı  Azərbaycanın neft sənayesinin tarixinə qızıl hərflərlə yazılmağa layiq olan Xoşbəxt müəllimin iştirak etdiyi  bütün məclislər uzun müddət yaddaşlarda  qalır. Sıravi neftçilərin ən  etibarlı dayağı, yol göstərəni, yumor hissinə malik Xoşbəxt müəllimin bu kitabı  hər kəs üçün səmimilik nümunəsidir. Belə deyirlər ki, Tanrı sevdiyi bəndələrinin mükafatını özü verir. Xoşbəxt müəllim Tanrının mükafatlandırdığı ən sevimli bəndələrdəndir desəm, elə bilirəm ki, çoxlarının ürəyindən keçən duyğuları dilə gətirmiş olaram. Sizinlə fəxr edirik, Xoşbəxt müəllim! 

  «Məndən çox Xoşbəxt müəllimi tanıyan yoxdur. Ona görə də Xoşbəxt müəllim barədə  danışmağa daha çox haqqı olanlardan biri də mənəm» sözləri ilə çıxışına körpü salan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə vurğuladı ki,  bu kitab  müəllifin «İnsan həyata niyə gəlir», «Necə yaşayır»  və «Uğurlarının səbəbi nədir» suallarına cavabıdır:

- Bunun bir neçə kriteriyaları var. Ən böyük kriteriya odur ki,  harada olursan ol, hansı işdə çalışırsan çalış  ilk növbədə Azərbaycanı , insanları sevməlisən, vətəndaşı olduğun ölkənin qüdrətlənməsi naminə çalışmalısan. Xoşbəxt müəllimin həyat yolunu maraqlı edən odur ki, onu insanlar da  özünə yaxın sirdaş, dost hesab edir, dərdini bölüşür, sevincinə şərik olurlar. Xoşbəxt müəllim əməyi, zəhməti sevən fədakar  insandır, çətinliklərdən qorxmayıb, əzablara dözüb. Heç nədən şikayətçi olmayıb. Taleyinə yazılan  qismətinə, uğurlara zəhməti sayəsində nail olub. İllərdən bəri  çalışaraq dəniz ideologiyasının fəlsəfəsini yazıb. Nahaq yerə demirlər ki, Xəzəri, dənizin dalğalarının dilini Xoşbəxtdən yaxşı  bilən  yoxdur. Bu kitab Xoşbəxtin dənizlə təmasının ən məhrəm məqamlarını  belə oxucuya səmimi dillə çatdırır. 75 il Xəzərlə həmsöhbət olan Xoşbəxt müəllimin elmi uğurlarının səbəbi istehsalatla  təcrübənin vəhdətini düzgün müəyyənləşdirməsidir. Onun elmi əsərləri bir  alim ömrünün salnaməsi, xalqına, Azərbaycan elminə ən layiqli töhfəsidir.

  SOCAR-ın birinci  vitse-prezidentinin müşaviri, kitabın   Azərbaycan variantının hazırlanmasında redaktor kimi rolu olan Ələkbər Abbasov «Ömrümün illəri və izləri»nin ərsəyə gəlməsi ilə bağlı  fikirlərini bildirdi. Vurğuladı ki, bir neçə dilə tərcümə olunan bu kitabın təqdimatını keçirmək istəsək də  qismət bu günə imiş:

- Təvazökar insan, hər işinə məsuliyyətlə yanaşan Xoşbəxt müəllim deyirdi ki,  kitabın artıq dördüncü nəşri oxucuya  çatdırılıb.  Oxuyan da  oxuyub. Bugünkü tədbiri isə xarici dillərə tərcümə olunan bütün nəşrlərin təqdimatı  adlandırmaq olar. Xoşbəxt müəllim Azərbaycan neftçilərinin rəmzi olmaqla  həmkarlarının da ictimaiyyətə tanıdılmasına diqqət göstərir. Xoşbəxt müəllimin «mən»i ilə yanaşı, onun sələfləri, həmkarları da  oxucuya təqdim olunur. Bu kitab təkcə gənclər üçün deyil,  hər bir vətəndaş üçün həyat meyarıdır. Nikbinlik nümunəsidir. Qədirbilən, daim şükranlıqla yaşayan  Xoşbəxt müəllimin  əmək fəaliyyətində  xeyirxahlıq  əsas amildir. Haqq, ədalət tərəfdarı olan Xoşbəxt müəllimin  kitabda yer alan hər yazısı bir həyat hekayəsidir.

 Tədbirdə  SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bir müəllif kimi kitabla bağlı  deyilən xoş sözlər üçün hər kəsə, kitabı  fransız dilində hazırlayanlara  minnətdarlığını bildirdi:

- Bu kitabı  mən  Vətənimin oğul-qızlarına ərmağan edirəm. Xatirələrimi siyasi və iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi naminə  xidmət göstərən  vətəndaşlara, həmkarlarına vəfa borcu hesab edirəm.  Hələ sovetlər dövründə ilk dəfə  Fransada olanda ağlıma belə gəlməzdi ki, vaxt gələcək mənim kitabım fransız dilində   nəşr olunacaq.  Bu kimi uğurlara biz  müstəqilliyimiz sayəsində  nail olmuşuq.  Azərbaycan xalqına bu sevinci bəxş edən ulu öndər Heydər Əliyevi daim xatırlayır, onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdarlığımı bildrirəm. Kitabın fransız dilində nəşrində əməyi olan hər kəsə, Fransanın Azərbaycanda  fəaliyyət göstərən diplomatik korpusuna xoş arzularımı çatdırıram.  «Əsrin müqaviləsi»nin 25 illik yubileyi ərəfəsində təşkil olunan bu təqdimat mənim üçün çox dəyərli və  unudulmazdır.

Xuraman İsmayılqızı,

Vüsal Cahanov, (foto)

«İki sahil»