02 iyul 2020 11:46
1210

Pandemiya ilə mübarizədə dayanıqlı səhiyyə sistemi

Son 17 ilə yaxın müddət ərzində ölkəmizin sürətli iqtisadi tərəqqisi bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. Ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilib, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilib. Bundan əlavə, 650-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Statistikaya görə, hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığı keşiyində dayanır. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlıqları və ləvazimatlar ölkəyə gətirilib. Testlərin aparılması üçün ölkədə çoxsaylı laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə yüz minlərlə test keçirilib. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanılıb. Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin iyunun 16-da imzaladığı müvafiq sərəncamlarla bir qrup səhiyyə işçisinin təltif olunması bu nəcib peşə sahiblərinə dövlətin verdiyi qiymətin növbəti ifadəsidir. Eyni zamanda, ölkə başçısının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixli Sərəncamı da Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən daha bir qiymətdir. Eyni zamanda, bu Sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Özünütəcrid dövründə dövlət başcısının verdiyi hər bir qərar, imzaladığı hər bir Sərəncam Onun Azərbaycan vətəndaşlarının yanında olduğunu, onun qayğısına qaldığını bir daha sübut etdi.

Nigar Orucova,

“İki sahil”