22 aprel 2019 17:55
1049

“Paris Sen-Jermen” vaxtından əvvəl çempion olub

“Paris Sen-Jermen” futbol klubu vaxtından əvvəl Fransa çempionu olub.

AZƏRTAC Liqa 1-ə istinadla xəbər verir ki, Paris təmsilçisi yarışın sonuna 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Paris klubu buna 33-cü turda meydana çıxmadan nail olub. İkinci pillədəki “Lill” klubunun “Tuluza” ilə səfər oyununda xal itirməsi paytaxt təmsilçisini vaxtından əvvəl çempion edib. Hazırda hesabında 65 xal olan “Lill” PSJ-dən 19 xal geri qalır. Belə ki, son 5 turda bu fərqin aradan qalxması mümkün deyil.

“Paris Sen-Jermen” son 7 ildə 6-cı, ümumilikdə isə 8-ci çempionluğunu qeyd edib. Parislilər bu göstəricidə yalnız “Marsel” (9) və “Sent-Etyen”dən (10) geri qalır.

Paris təmsilçisinin 33-cü turda “Monako” (3:1) ilə qarşılaşması Kilian Mbappe üçün əlamətdar olub. Fransalı hücumçu qarşılaşmada het-trik edərək çempionatdakı qollarını 30-a çatdırıb. O, bu nəticə ilə Fransa çempionatında 30 qol vuran çatan ən gənc futbolçu olub. Mbappe keçmiş hücumçu Erve Revellinin rekordunu yeniləyib.

Qeyd edək ki, 20 yaşlı fransalı futbolçu Paris klubunun heyətində cari mövsümdə keçirdiyi 40 oyunda 36 qol vurub və 6 məhsuldar ötürmə edib.