16 yanvar 2020 19:28
1277

Paşinyanın populist bəyanatları darmadağın edildi

Prezident İlham Əliyev işğalçı ölkəyə yerini göstərdi: 
Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil

Bu günlərdə Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirə keçirədə ölkəmizin hərtərəfli uğurlarından danışan dövlətimizin başçısı yekun nitqində işğalçı Ermənistana şok effekti yaradacaq rəqəmlərlə yerini göstərdi. Hakimiyyətə sahibləndiyi gündən ölkəsini uçuruma yuvarlayan Nikol Paşinyan ölkəsinin “uğurları” haqqında danışarkən heç bir reallığa sığmayan fikirlər səsləndirərək guya Azərbaycandan öndə olduqlarını qeyd edir. Cənab İlham Əliyev işğalçı ölkənin baş nazirinin uydurma bəyanatına tutarlı cavab verdi.

“Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev onu da bildirdi ki, bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmək istərdim: “Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi. Bu hadisə ilə bağlı mən əvvəlki dövrlərdə kifayət qədər geniş məlumat vermişdim. Amma bir məsələ həmişə diqqətdən kənarda qalır, bir çoxları bunu bilmir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistanda öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi”.

Əmək haqqı və pensiya artımına gəlincə isə Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın qat-qat üstələdiyini bildirdi. Diqqətə çatdırdı ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat, - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə, orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə, Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı - onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda  4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir.

Hərkəs bu gün güclü Azərbaycan Ordusu ilə Ermənistan Ordusu arasında fərqi görür. Ölkə Prezidenti Azərbaycanla işğalçı ölkəninin odusunda olan fərqi də diqqətə çatdıraraq bildirdi ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52 yerdə, Ermənistan isə 96-cı yerdədir. O, cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı, tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir.

Siyasi ekspert Azər Həsrət məsələ ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərək bildirdi ki, Prezident İlham Əliyev sərt bəyanatları ilə Ermənistanla bağlı müsbət mənada təbliğat aparan dairələrin cəhdlərini darmadağın etdi: “Hər kəs yaxşı bilir ki, bu gün Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək öz xalqını aldatmaqla məşğuldur. Bununla da özlərini Azərbaycanla müqayisə aparır və iddia edirlər ki, guya orada vəziyyət Azərbaycandan yaxşıdır. Bununla da Nikol Paşinyan və onun komandası yalançı rəqəmlər uyduraraq Azərbaycandan irəlidə olduqlarını qeyd edirlər. Təbii ki, bu, məntiqlə də mümkün olan bir şey deyil. Çünki özünü təcrid etmiş bir dövlətdə vəziyyət heç cür yaxşı ola bilməz. Sözsüz ki, bunuda Azərbaycanla yanaşı, bütün dünya da bilir”.

Ekspert onu da qeyd etdi ki, təəssüflər olsun ki, adlarını azərbaycanlı qoyub ermənipərəst mövqe nümayiş etdir bəzi antimilli ünsürlər Paşinyanın əsassız təbliğatını ölkəmizdə tirajlamaqla məşğuldurlar: “Yəni, iddia edirlər ki, guya Ermənistanda vəziyyət Azərbaycandan qat-qat yaxşıdır. Bununla da Paşinyan və onun hakimiyyətinin uydurduğu yalançı rəqəmlərə əsaslanaraq belə təbliğata alət olurlar. Amma buna baxmayaraq, Prezident İlham Əliyevin konkret faktlarla, nüfuzlu beynəlxalq təşkilatlara istinadla təqdim etdiyi o rəqəmlər Paşinyan hakimiyyətinə, hətta Azərbaycanda Paşinyana quyruqluq edənlərin yalanlarını darmadağın etdi. Sözsüz ki, ağır bir zərbə həm də Ermənistan xalqına vuruldu. Çünki Nikol Paşinyan davamlı şəkildə öz xalqını aldatmaqla məşğul idi. Prezident İlham Əliyev bu rəqəmləri səsləndirməklə həm də Ermənistan xalqının gözünü açmış oldu. Təkcə bu fakt yetər ki, Azərbaycanla Ermənistan arasında olan fərqi görə bilək. Azərbaycanda valyuta ehtiyatlarının 50 milyard dolları keçdiyi bir vaxtda Ermənistanda bu 2 milyard dollar civarındadır. Bu da Azərbaycanın Ermənistandan ən azı 25 dəfə irəlidə olduğunun göstəricisidir”.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması Azərbaycanı dünyada sosial dövlət modelini uğurlu tətbiq edən ölkə kimi tanıdıb: “İşğalçı Ermənistanın avantürist hakimiyyətinin baş nazirinin öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməsi, guya işğalçı ölkənin bir çox parametrlər üzrə Azərbaycanı qabaqlaması isə gülünc səslənir. Sadəcə Azərbayanla Ermənistan arasındakı fərqi görmək üçün rəqəmlərə diqqət yetirmək kifayətdir”.

Deputat qeyd etdi ki, “Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim” söyləyən Prezident İlham Əliyevin səsləndirdiyi reallığa əsaslanan bu fikirlər Ermənistanın əhalisini də düşündürməlidir.

Mənsumə Babayeva, “İki sahil”