13 mart 2019 19:55
1069

Pirəzə kəndində seçicilərlə görüş

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş rayonun Pirəzə kəndində olub. C.Osmanov ölkəmizin son illərdə əldə etdiyi uğurlardan söz açıb. Azərbaycanın regionun lider dövləti olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı son illər ərzində ölkədə görülən işlərdən danışaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd edib.

Kənd sakinlərindən Nahid Mustafayev, Fəramil Nəsibov, Rəfi Musayev, Məhbus Aslanov və Babakərim Eyvazov bəyan ediblər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Onlar ölkəmizdə, eləcə də Ağdaş rayonunda həyata keçirilən layihələrdən məmnundurlar və hər zaman dövlətə, dövlətçiliyə sadiqdirlər.

Sonra C.Osmanov Pirəzə kənd Folklor evinə gələrək burada çalışan işçilərlə də görüşüb. C.Osmanov Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşünün mədəniyyətimizə, eləcə də bu sahədə xidmətləri olan insanlara göstərilən diqqət və qayğının ifadəsi kimi dəyərli olduğunu bildirib.

Pirəzə kənd Folklor evinin əməkdaşları Yaqut Ədilova və Zülfiyyə Fərzəliyeva ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünün bu sahədə çalışan hər bir insanın qəlbində dərin izlər buraxdığını qeyd ediblər.

Orxan Vahidoğlu, «İki sahil»