18 may 2020 09:16
360

Politoloq: Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Şəbnəm Həsənova: "CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev müasir dünyanın nəbzini tutan liderdir

"CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev müasir dünyanın nəbzini tutan liderdir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova Trend-də dərc edilən yazısında qeyd edib. O, yazıb ki, dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən ölkə başçımızın bütün təşəbbüsləri təqdir olunur və dövlət başçımızın liderlik səyləri yüksək qiymətləndirilir: "CISCO" şirkətinin rəhbərləri ilə görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyev innovativ texnologiya ilə ayaqlaşan, müasir dünyanın nəbzini tutan liderdir. Təqdirə layiq məqamdır ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində haqlı olaraq cənab Prezident İlham Əliyevin liderlik səylərini yüksək dəyərləndirdi. Sözügüdən şirkətin Azərbaycanla əməkdaşlığı nəticəsində ölkəmizdə tətbiq edilən "Ağıllı Şəhər", "Ağıllı Ölkə", "Ağıllı Kənd Təsərrüfatı" və "Ağıllı Məktəb" proqramları bir daha sübut edir ki, şirkətlə ölkəmiz arasında çox mühüm əlaqələr mövcuddur və CISCO üçün Azərbaycan əməkdaşlıq baxımından kifayət qədər cəlbedici ölkədir”.

Politoloq hesab edir ki, çevik və saniyə sürətilə dəyişən dünyanın gözlənilməz yenilikləri ilə dərhal ayaqlaşa bildiyi üçün Prezident İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında texnologiyaya dəstək verən liderlərdəndir: “COVID-19 virusu ilə əlaqədar olaraq bilavasitə ölkə başçımızın təşəbbüsü ilə reallaşan bütün videokonfrans formatında görüşlər bunun əyani sübutudur. Bu gün CISCO şirkəti ilə Azərbaycanın müvafiq strukturları arasında çox uğurlu əməkdaşlıq həyata keçirilir və bu əməkdaşlığın gələcək konturları da artıq məlumdur. Vahid məlumatlar sisteminin yaradılması prioritet məsələlərdən biridir ki, bu da ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcək”.

ABŞ dövlət başçısnın ölkə başçımıza ünvanlanmış məktubunda beynəlxalq təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolunu və töhfələrini yüksək dəyərləndirməsi iki ölkə arasında 30 illik əməkdaşlığın müsbət təzahürü kimi qiymətləndirən Ş.Həsənova əlavə edib ki, ABŞ dünyanın supergücüdür və belə bir ölkə ilə münasibətlərin yüksək səviyyədə olması bilavasitə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyinin əyani sübutudur.