06 fevral 2019 11:34
2777

Psixoloq: “Dejavu” xəstəlik deyil, normal psixoloji aktdır

“Elə bil, mən bunu nə vaxtsa yaşamışam. Buradan keçmişdim. Nə zamansa bu hadisə baş vermişdi.” Bu tipli cümlələri yəqin ki, hər biriniz heç olmasa bir dəfə belə olsa da, işlətmisiniz. Çünki bu hissləri yaşayıb, bu vəziyyətdə olmusunuz. Bu, elmə məlum olan normal psixoloji hadisədir. Bunun elmdə adı “dejavudur”. Bəli , mövzumuz da məhz bu haqdadır: “dejavu”.

Nədir dejavu? İlk olaraq qeyd edim ki, bu bir fransız sözüdür. “Deja” -artıq, “vu”-görülüb deməkdir. İnsanların 90 faizdən çox hissəsi həyatı boyu heç olmasa bir dəfə bu halı yaşayır. Adətən yeniyetmələrdə tez-tez baş verir, 30 yaşdan sonra isə sayı azalmağa başlayır. 97% insanın həyatı boyunca bir dəfə belə olsa, bu baş verir.

“Dejavu” haqqında irəli sürülən fərziyyələrdən ən maraqlı olanları sizlərə təqdim edirik:

“Dejavu” halı paralel dünyalarla əlaqəlidir. Ruhun öncədən həyatımızla bağlı hər şeyi bildiyini və “dejavu” effekti də yalnız ruhun yaddaşıdır.

“Dejavu” unudulmuş yuxulardır. Lakin bu fərziyyə tam olaraq isbatını tapmayıb.

Maraqlı təkliflərdən biri isə zamanın keçmişdə, indiki zamanda və gələcəkdə eyni anda getməsi ilə bağlı olan fərziyyədir. İnsanın qavrama bacarıqları bütün bunları eyni anda dərk edə bilmir. Məhz dejavu zamanı insan kiçik zaman çərçivəsində bu dərketməni yaşayır. Buna aydınlanma da deyirlər.

Klinik psixoloq Roza Kazımlı sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, dejavu demək olar insanların əksəriyyətində baş verir: “Biz bunu niyə hiss edirik? Çünki beynimizin iki yarımkürəsi var. Sağ və sol yarımkürələr. Bunlar hər insanda özünəməxsus şəkildə inkişaf edir. Bu yarımkürələrdən biri digərindən tez qavradıqda gördüyümüz hadisə bizə elə gəlir ki, nə vaxtsa yaşananların təkrarıdır.

Psixoloq qeyd etdi ki, həyəcan, yorğunluq, qorxu, əsəb hissini tez-tez yaşayan insanlarda “dejavu” daha sıx müşahidə olunur: “Dejavu”nun ayda bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması depressiya, şizofreniya, epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozuntusunun xəbərçisi ola bilər.”

Psixoloq-konsultant Zeynəb Əyyubova isə bildirdi ki, dejavu - insanlarda rast gəlinən bir hadisənin daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır: “Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına “dejavu” deyilir. “Dejavu”nu müəyyən mənalarda qruplaşdırmaq da olar: “Deja vekyu” (artıq yaşanmış), “deja senti” (artıq hiss edilmiş), “deja vizit” (artıq gedilmiş), “dejavu” isə onlara cəm şəklində verilən ümumiləşmiş addır.”

Həmsöhbətimiz, həmçinin əlavə etdi ki, “dejavu” zamanı yada düşən hadisəni tam, detalları ilə xatırlamırıq: “Ani xatırlama zamanı biz hadisəni ala-yarımçıq təsəvvür edirik. Bəzi qisimləri ümumiyyətlə, xatırlamarıq. İnsanlar təkidlə bunun üstündə dayanıb yada salmağa çalışırlar. Cəhd etməyin, çünki bütünlüklə yada salıb, xatırlamaq mümkünsüzdür. Bu hissi arabir yaşamağın xəstəliklə heç bir əlaqəsi yoxdur. Gün ərzində dəfələrlə olursa, artıq mütəxəssislə məsləhətləşmək zəruridir. Bu hər hansı bir psixoloji xəstəliyin carçısı ola bilər.”

Psixoloq “dejavu” ilə bağlı çox maraqlı bir məqama da aydınlıq gətirdi: “Dejavu” adətən alışdığınız mühitdən çıxıb, digər bir mühitə düşdükdə daha tez baş verir. Səyahət etdikdə, qonaq getdikdə, təzə evə köçdükdə, yeni bir işə girdikdə, ilk dəfə hər hansı bir məkanda olduqda. Bir sözlə , “dejavu” yenilənmə və dəyişimlə sıx əlaqəlidir.”

Yaqut Ağaşahqızı, “İki sahil”