14 yanvar 2021 14:08
250

Qarabağ müharibəsinin iştirakçıları daim diqqət mərkəzindədir

Azərbaycan Milli Elmlər Akademiyasından da orduya könüllü yazılaraq səfərbərlik zamanı böyük ruh yüksəkliyi ilə Vətən müharibəsində iştirak etmiş əməkdaşlar olub. Əməkdaşların ailə üzvləri də döyüşlərdə iştirak edib, bəziləri yaralanıb, şəhid olub və bəziləri də sağ-salamat ailələrinin yanına qayıdıblar. Bu əməkdaşlara müharibə müddətində daim diqqət göstərilib və ailələrinə maddi yardımlar edilib.

“İki sahil”in məlumatına görə, Radiasiya Problemləri İnstitutunun əməkdaşı baş leytenant Ramin Qəribov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Cəbrayıl uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulub. Döyüşlərdə göstərdiyi şücaətə görə hərbi komandanlığın Fəxri fərmanı ilə təltif edilib.

Radiasiya Problemləri İnstitutunun digər əməkdaşı Samir Mustafayev isə çavuş-manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. AMEA-nın döyüşlərdə iştirak etmiş digər əməkdaşları kimi, Radiasiya Problemləri İnstitutunun sözügedən mütəxəssislərinin ailələrinə Həmkarlar Təşkilatı tərəfindən döyüşlərdə olduğu müddətdə min manat məbləğində maddi yardım edilib.

AMEA-nın Azad Həmkarlar İttifaqı tərəfindən isə bu əməkdaşlara yanvar ayına Abşeron və Günəşli sanatoriyalarına pulsuz yollayışlar verilib. Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının sosial məsələlərinin həlli daim AMEA-nın Azad Həmkarlar İttifaqının diqqət mərkəzindədir.