28 yanvar 2021 17:34
1015

Qarabağa yeni həyatın gəlməsi istiqamətində daha bir addım

2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən II Qarabağ müharibəsi müzəffər  Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Nəticədə Azərbaycan xalqı düşmən üzərində çaldığı  böyük Zəfərlə öz ərazilərini Ermənistanın işğalından azad etdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün pozulmuş beynəlxalq hüququn  bərpasının nümayişi kimi yadda qaldı, yəni Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini həyata keçirdi. Ancaq erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən normal həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il Fərmanı əsasında “Qarabağ Dirçəliş Fondu”  publik şəxs yaradılıb.

Qarabağ Dirçəliş Fondunun əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı, davamlı  məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də başlıca məqsədlərdəndir. İşğaldan azad edilmiş rayonlara Prezidentin xüsusi nümayəndələrinin təyin olunması bütün göstərdiyimiz bu vəzifələrin həyata keçirilməsi üçün əlaqələndirici rəhbərlik missiyasının reallaşdırılmasına şərait yaradacaqdır. Artıq Şuşa rayonuna  Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Ona görə də orada görülməsi nəzərdə tutulan bütün tikinti, yenidənqurma, təmir, bərpa və abadlıq işləri vaxtında həyata keçiriləcəkdir. Eyni zamanda, xüsusi nümayəndələr görülən işlərin keyfiyyətini,  vaxtında təhvil verilməsini diqqət mərkəzində saxlayacaqlar. Qısaca desək, xüsusi nümayəndələrin səlahiyyətləri kifayət qədər geniş olacaqdır.

Yaz açılan kimi yerli və xarici şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə tikinti və təmir-bərpa işlərinə başlayacaqlar. Bunun üçün Azərbaycana dost olan ölkələrin şirkətləri ilə danışıqlar aparılaraq müvafiq razılıqlar əldə  olunub. Yerli şirkətlərlə bərabər, qardaş Türkiyə, Pakistan, İran və İtaliya şirkətləri və iş adamları Qarabağımızın dirçəldilməsində iştirak edəcəklər. Hələlik hazırlıq işləri aparılmaqdadır. Prezidentimizin iradəsi və xalqımızın qadir əlləri ilə düşmən tərəfindən xarabalığa çevrilən yurd yerlərimiz-şəhər və kəndlərimiz qısa müddətdə abadlaşdırılacaqdır. Erməni işğalçıları tərəfindən qarət edilib dağıdılan məscidlərimiz, məktəblərimiz, xəstəxanalarımız, mədəniyyət evlərimiz, körpələr evi-uşaq bağçaları  və s. obyektlər yenidən tikilib ucaldılacaq, bölgələrin sakinlərinin istifadəsinə veriləcəkdir.

Vəli İlyasov, “İki sahil”