Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”inə ümumilikdə 280-ə yaxın müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
Rövzət Qasımov qeyd edib ki, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub. “Bununla bərabər, MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. “Qaynar xətt”ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz”, - deyə sədr müavini bildirib
MSK-nın sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılacaq: “Bunlar öz təsdiqini tapdığı halda, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olmasıdır”.