Türkiyədə səfərdə olan azərbaycanlı qazi jurnalistlərin silsilə görüşləri davam edir.
“İki sahil” xəbər verir ki, Mediamızın döyüşən simaları səfər çərçivəsində bu gün daha üç qurumun qonağı olublar.
Əvvəlcə Türkiyənin məşhur Demirören Xəbər Agentliyi (DHA) ziyarət olunub.
Qonaqları qarşılayan qurumun direktoru Cemal Coşkun DHA-nın gördüyü işlər, gələcək prioritetləri, sosial mediadakı fəaliyyəti haqda geniş məlumatlar verib. Bu yaxınlarda Xankəndi şəhərində keçirilən lll Şuşa Qlobal Media Forumunun da iştirakçısı olduğunu diqqətə çatdıran Cemal Coşkun Türkiyə və Azərbaycan mətbuatının fəaliyyətini yüksək qiymətləndirib.
Görüşün sonunda qazi jurnalistlər Cemal Coşkuna hədiyyələr təqdim edib, eyni zamanda, xatirə fotosu çəkilib.
DHA-nın ardınca "Türkiye Gazeteciler Cemiyyeti" ziyarət olunub.
Cəmiyyətin baş katibi Sibel Güneş Türkiyədə media mənsublarının fəaliyyəti, o cümlədən lazım gəldikdə onların hüquqlarının müdafiəsi haqda görülən işlərdən bəhs edib.
Görüşün sonunda isə Sibel Güneşə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.
Qazi jurnalistlərin bugünlük son dayanacağı isə "Küresel Gazeteciler Konseyi" olub. Görüşdə KGC-nin Xarici məclis sədrinin müavini Ahmet Coşkunaydın, o cümlədən qurumun İdarə Heyətinin üzvü, Bakı Parlament Jurnalistləri Birliyinin rəhbəri, Modern.az saytının baş redaktoru, eyni zamanda, səfərin təşkilatçılarından biri - Elşad Eyvazlı da iştirak edib.
Görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bir qrup qazi jurnalistin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.
Jurnalistlərimizin görüşləri növbəti günlərdə də davam edəcək.