04 sentyabr 2019 12:21
1296

Qəbələdə 19 km yolunun yenidən qurulması yekunlaşıb

Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.

"İki sahil" xəbər verir ki, Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin enin yolun texniki dərəcəsinə uyğun gəlmir və 0.5-1 m arasında dəyişirdi. Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hazırda hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

İnşaat Norma və Qaydalarının tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 8 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulub. Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişfına gətirib çıxarır. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.