06 yanvar 2021 14:44
2676

Qəhrəmanlarımızı tanıyaq:   Şəhid Mirsüleyman Süleymanov

Mənim ən böyük arzumu bilirsiz, artıq o arzuya çatmağım üçün məqam yetişib

"İki sahil.az" sosial şəbəkələrdə "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir. 

Rubrikaların birində şəhid Şəhid Mirsüleyman Süleymanovdan bəhs olunub.

Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan şəhid qəhrəmanımız Mirsüleyman Aydın oğlu Süleymanov 1998-ci il martın 30-da Bakı şəhərində anadan olub.

2019-cu ildə iyul çağırışında hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olan zaman Vətən müharibəsində ön cəbhədə döyüşmək üçün könüllü müraciət edib, ailəsiylə danışanda “Mənim ən böyük arzumu bilirsiz, artıq o arzuya çatmağım üçün məqam yetişib”-deyib. Mirsüleyman komandir və xidmət yoldaşlarının sevgisini qazanıb, döyüşlərdə özünü əsl cəngavər kimi sübut edib. Bir neçə düşmən postunun ələ keçirilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında əvəzsiz xidmətləri olub. Mübariz kimi mərd qəhrəman olub. Vətən müharibəsinin Ağdərə cəbhəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

20 noyabr 2020-ci il tarixində isə yaşadığı Bakı şəhəri Bakıxanov qəsəbəsində dəfn edilib. Qeyd edək ki, yaxınları tərəfindən yaşadığı binanın blokunun girişində xatirə lövhəsi asılıb və əziz xatirəsinə həyətdə bulaq tikilib.

Döyüşlər vaxtı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Mirsüleyman Süleymanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ruhu şad olsun.