Yəqin ki, hamı Lütfizadənin kim olduğunu yaxşı tanıyır. ABŞ-da fəaliyyət göstərmiş məşhur Azərbaycan alimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi. Bəs Lütfizadəni məşhur edən qeyri-səlis məntiq nəzəriyyəsi nədir? Adı belə sadə olan bir nəzəriyyə necə olub ki, dünya elm sahəsində böyük dəyişiklik yaradıb?
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, qeyri-səlis məntiq nəzəriyyəsi qərarların verilməsində istifadə olunur. Yəni, bu nəzəriyyəyə əsasən bir sualın HƏ və YOXdan daha çox cavabı ola bilər. Aristotel deyirdi ki, bir insan ya DOĞRU danışır ya YALAN. Lütfizadəyə görə isə burada başqa cavablar da var. Doğru danışırsa nə dərəcədə doğru danışır? Bəlkə danışdığının böyük qismi doğrudur, qalan hissəsi yalan? Və ya yarı-yarıya doğru danışır? Yaxud doğru azdır, çoxu yalandır?
Deməli cavabı qiymətləndirmək lazımdır. Nə qədər doğruya və ya yalana yaxındır. Süni intellekt də buna əsaslanır. Kompyuter həmən an cavabın doğruya və ya yanlışa nə qədər yaxın olmasını aydınlaşdırıb qərar verir. Qeyri-səlis məntiq olmadan isə konkret cavab olduqda kompyuter nəticə verirdi. 0 olarsa bağla, 1 olarsa aç. 0,3 və ya 0,9 olarsa nə etməli? Müasir kompyuterlər qeyri-səlis məntiq köməkliyi ilə bu zaman qərar verə bilirlər: 0,3 - 0-a daha yaxındır, deməli bağlamaq olar.
Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 4 fevral 1921-ci ildə, Bakının Novxanı kəndində anadan olub. 1932-ci ildə ailəsi ilə İrana, orada orta təhsilini alandan sonra isə ABŞa köçüb. 6 sentyabr 2017-ci ilə qədər orada yaşayıb və orada da dünyasını dəyişib. Öz istəyi ilə Bakıdakı fəxri xiyabanda dəfn olunub.