14 iyul 2020 15:35
1219

Ramil Həsən: Mülki əhalini atəşə tutmaq ermənilərin faşizm xislətinin sübutudur

Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınanılmalıdır

 “Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıblar. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir. Ermənilərin artilleriya atəşləri nəticəsində mülki şəxs həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq ermənilərin faşizm xislətinin sübutudur. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınanılmalıdır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

“Son dövrlər Azərbaycanın diplomatik cəbhədə qazandığı uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Onlar psevdopatriot bəyanatlar vermək və uğursuz hərbi diversiyalar təşkil etməklə erməni ictimaiyyəti qarşısında vəziyyətdən çıxmağa çalışırlar” vurğulayan R.Həsən qeyd edib ki, bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır: “Tovuz istiqamətində gedən döyüşlərdə erməni tərəfinin ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub, Ermənistan əhalisi və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları kinayə ilə qarşılayaraq etiraz aksiyalarına başlayıblar. Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxarmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.”

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir: “Artıq Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də bu aydın oldu. Azərbaycan xalqı, ictimaiyyətimiz də öz Ordumuzun yanındadır.”

 

Orxan Vahidoğlu, “İki sahil”