09 aprel 2021 18:38
1957

Rövşən Abbasov: Ermənistan Azərbaycana qarşı ekoloji terroru davam etdirir

“Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qarabağın flora və faunası, zəngin yeraltı və yerüstü sərvətləri işğalçı ölkə tərəfindən istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında, ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.

O bildirib ki, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır: “Bunun nəticəsidir ki, Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometrlik hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. “Metsamor” AES-in radioaktiv tullantıları qəsdən torpağa basdırılıb. Araz çayına birbaşa çirkab axıdılıb, metal filiz yataqlarının istismarında ekoloji tələbatın gözlənilməməsi Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub. Arazın çirkləndirilməsi Ermənistan ərazisindən gələn Xonaşen, Qarqarçay, Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Köndələnçay, Tərtərçay və Xaçınçay vasitəsilə baş verirdi. Kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən gələrək Kür çayı hövzəsinə tökülür”.

R. Abbasov qeyd edib ki, Araz çayını ən çox çirkləndirən çaylardan biri də Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır: “Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir.  Oxçuçaydan götürülmüş su nümunələrində aparılan analizlərin nəticələrinə görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. Buna səbəb Oxçuçayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu, Qafan mis filiz saflaşdırma kombinatının istehsalat tullantılarının təmizlənmədən birbaşa çaya axıdılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, Fevral, Mart aylarında aparılan monitorinqlərə görə bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə iki dəfə normadan artıq aşkarlanıb”.

Onun sözlərinə görə, yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılıb: “İşğaldan azad olunan  ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kubmetrdir. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir. İşğal dövründə isə ermənilər ekoloji terror törədərək Tərtərçay, Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər böyük çayların sularını dağətəyi ərazilərə buraxmırdılar”.

R. Abbasov  vurğulayıb  ki, regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir. Ən önəmlisi Ermənistan Qarabağda törətdiyi ekoloji terrorun kompensasiyasını ödəməlidir. Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacibdir.

Nigar Orucova, "İki sahil"