20 sentyabr 2019 20:27
775

Rusiya BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, BMT Təhlükəsizlik Şurasında (TŞ) ciddi islahatlar aparılmalıdır. Onun qənaətinə görə, bu qurum Asiya, Afrika və Latın Amerikası ölkələrin maraqlarını daha çox nəzərə almalıdır.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, S. Lavrov “Rossiya v qlobalnoy politike” (“Rusiya qlobal siyasətdə”) jurnalında dərc olunmuş məqaləsində yazıb: “II Dünya müharibəsindən sonra yaranmış və mərkəzində BMT-nin olduğu beynəlxalq münasibətlər sistemini ehtiyatlı şəkildə qoruyaraq onu müasir geosiyasi landşaftın reallıqlarına uyğunlaşdırmaq lazımdır”. İslahatların ilk ünvanının BMT TŞ olduğunu qeyd edən rusiyalı diplomat Qərbin bu qurumda əsassız təmsilçiliyini tənqid edib: “Bütün qərarlar BMT-yə üzv ölkələrin daha geniş dairəsinin qərarı ilə qəbul olunmalıdır. Bu kontekstdə dünya ticarətinin təkmilləşdirilməsi, planetimizin müxtəlif regionlarında inteqrasiya layihələrinin daha harmonik olması lazımdır”. O əlavə edib ki, BMT TŞ-nin qərarları dövlətlərin iqtisadi gücü, ərazi ölçüsü və ya idarəçilik formasına görə qəbul edilə bilməz”.

S. Lavrov vurğulayıb” “Özlərini demokratiya etalonu kimi təqdim edən dövlətlərin bu və ya digər ölkələrdən onların “evlərində” Qərb meyarlarına görə qayda-qanun yaratmasını tələb etmək də paradoksal vəziyyətdir. Dövlətlərarası demokratiyadan söz düşəndə isə onlar səmimi söhbətdən yayınır və beynəlxalq hüquq normalarını öz prizmasından izah etməyə çalışırlar”.

Rusiyalı nazir qeyd edib ki, 15 ölkənin, o cümlədən 5 daimi üzvün iştirak etdiyi BMT TŞ-də müxtəlif problemlər üzrə müzakirələr aparılır, lakin konsensus əldə etmək mümkün olmur. BMT TŞ-nin indiki strukturu 1964-cü ildə yaradılıb, lakin 1993-cü ildə 6 qeyri-daimi üzvün sayı 15-ə çatdırılıb.

Qeyd edək ki, Rusiya ilə yanaşı, Türkiyə və digər ölkələrin liderləri də BMT TŞ-də islahatlar aparılmasını təklif edirlər.