13 fevral 2019 12:08
1421

Rusiya imperiyasının qafqaz siyasəti və Bakı nefti

I Pyotrun Azərbaycanın Xəzərsahili vilayətlərinin işğalı planlarında neft amili və ya Bakı neftinin qoxusu (1701-1724-cü illər)

XVIII əsrin əvvəllərində çar Rusiyasının Qafqaz siyasətində Bakının ələ keçirilməsi xüsusi yer tuturdu. Bu, Bakının həm zəngin neft mərkəzi, həm də Xəzər dənizində ən böyük liman şəhəri olması ilə bağlı idi. Buna görə də, o (I Pyotr), 1723-cü ildə Bakını işğal edən general Matyuşkinə yazdığı məktubunda qeyd edirdi: “Sizin yazdığınız məktubu böyük məmnuniyyətlə aldım və çox sevindim ki, Bakını almısınız. Sizə bu yeri mütləq qoruyub saxlamağı əmr edirəm və bunun üçün biz hər şey edəcəyik”. Heç şübhəsiz ki, burada imperator  I Pyotrun diqqətini daha çox cəlb edən Bakı nefti idi. Ona görə də, 1723-cü ildə general Matyuşkinə yazdığı növbəti məktubunda “Bakıdan bir neçə pud ağ neft götür və bizə göndər, imkanınız olsa, 1000 pud göndərin” - deyə əmr etmişdi. Bu fakt Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalında Bakı neftinin həlledici amillərdən olduğunu təsdiq edir.

Rus ordusunun 1723-cü il yürüşünün iştirakçısı artilleriya mayoru İ.Q.Gerber 1728-ci ildə bildirmişdir ki, XVIII əsrin birinci rübündə, yəni 1723-cü ilədək neftdən gəlir 50000 tümən (orta hesabla ildə 2270 tümən - red.) olmuşdur. Bu isə XVIII əsrin əvvəllərində neft hasilatının azaldığına sübutdur.

Şah xəzinəsinə məxsus olmuş neft mədənləri, çar qoşunları Bakını və Abşeronu işğal edən dövrdə (1723-1735-ci illər) rus hərbi hakimiyyətinin ixtiyarına keçmişdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi.

Abşeronda neft işinin təşkilini öyrənmək nəticəsində bir sıra əsərlər yazılmışdır. Hidroqraf F.İ.Soymonovun 1827-ci ildə yazdığı qeydlər həmin əsərlər arasında mühüm yer tutur. F. Soymonovun məlumatına görə, ruslar şəhəri tutan vaxtlarda neft dövlət mənfəəti üçün xəzinədən satılırdı və bundan hər il 20000 rubl (və ya 2000 tümən) gəlir götürülürdü.

Rusların işğalı dövründə neftdən gəlirin azalması çar hökuməti tərəfindən iltizam sistemi tətbiq olunması ilə izah edilirdi. Lakin neft hasilatının kəskin şəkildə azalmasına səbəb təkcə bu deyildi. Gerber, Lerx və digər şahidlər həmin dövrdə istismar edilən quyuların miqdarının az olduğunu qeyd edirlər.

Bakının hərbi hakimiyyətinin tərtib etdiyi sənəd - “Sayı Bakı sakinləri tərəfindən göstərilmiş, çöldə və şəhər darvazalarından kənarda yerləşən, yararlı və yararsız olan, şəhərdən hansı məsafədə yerləşən və aralarında neçə verst və sajen olduğu bildirilən neft quyularının və anbarlarının reyestri”ndə göstərilir ki, o vaxtlar Bakının ətraflarında 70 yararlı, 18 yararsız quyu; 30 yararlı, 23 yararsız - “sadə” və “bərbad” anbar vardı. Onlar şəhərdən 10-20 verst (1 verst - 1,067 km) məsafədə idi. Bir neçə quyu Bayıl rayonunda, Bakı qalası yaxınlığında yerləşirdi. İ.Lerxin məlumatına görə XVIII əsrin 30-cu illərində Balaxanıda quyuların sayı ikiqat azalmışdı.

XVIII əsrin əvvəllərində Osmanlı Türkiyəsinin və çar Rusiyasının hərbi əməliyyatları nəticəsində bütün ölkənin iqtisadi vəziyyətinin pisləşməsi və satış bazarlarının azalması ilə əlaqədar olaraq Bakının İran, Türkiyə və digər Şərq ölkələri ilə ticarəti müvəqqəti məhdudlaşmışdı. Digər tərəfdən, XVII əsrdə və XVIII əsrin əvvəllərində Səfəvi dövlətində və başqa ölkələrdə odlu silahın geniş yayılması, bununla əlaqədar olaraq neftdən hərbi işdə istifadənin məhdudlaşması “qara qızılın” Şərq və Qərb ölkələrinə ixracının kəskin şəkildə azalmasının əsas səbəblərindən biri olmuşdur. Abşeronda neft hasilatının tənəzzülü bununla izah edilə bilər.

XVIII əsrin birinci yarısının sonlarına yaxın Azərbaycanın şimalındakı şəhərlər dərin iqtisadi tənəzzül vəziyyətində idi. Təxminən qırx illik müharibə, feodal çəkişmələri, şah qoşunları və yerli feodallar tərəfindən amansızcasına yatırılan kəndli üsyanları nəticəsində ölkənin məhsuldar qüvvələri məhv edilmişdi. Bakı xanlığının paytaxtı, Abşeronun iqtisadi mərkəzi olan Bakı, Azərbaycanın digər şəhərləri kimi təsərrüfat tənəzzülünə məruz qalmışdı.

Mənbələr həmin dövrdə İran istisna olmaqla, başqa ölkələrə xeyli neft aparılması və böyük neft hasilatı barədə məlumat vermir. Artıq 1733-cü ildə neft hasilatının kəskin surətdə azaldığı qeyd olunur. Görünür, bu hal XVIII əsrin birinçi yarısının axırlarınadək davam etmişdir. Daha sonrakı dövrlərin mənbələri istehsal qüvvələrinin bir qədər dirçəldiyini və iqtisadi həyatda canlanma yarandığını bildirir.

İqtisadi tənəzzül XVIII əsrin 70-ci illərinədək davam etmişdir. 70-ci illərdə Bakı xanlığı öz ərazisini qonşu xanlıqların hesabına genişləndirən güclü Quba xanlığından vassal asılılığı vəziyyətinə düşdü. Bu, Bakı xanlığının iqtisadiyyatına müsbət təsir göstərdi. Belə ki, Bakı xanlığına tez-tez hücum edən qonşu feodalların basqınları azalmışdı.

Bundan başqa, qonşu ölkələr ilə XVIII əsrin birinci yarısının axırlarına yaxın kəskin şəkildə azalmış olan ticarət əlaqələri yenidən inkişaf etməyə başlamışdı. Bu isə şəhər iqtisadiyyatının canlanmasına xeyli kömək edirdi.

Böyük dövlət xadimi, Quba xanı Fətəli xan başda olmaqla bir sıra xanlıqların birləşməsi Bakı şəhərinin inkişafına da müsbət  təsir göstərmişdi.

Rusiya İmperator Elmlər Akademiyasının üzvü Samuil Qotlib Qmelin 1770-ci ildə yolüstü Bakıda olmuş, yazılarında Bakını və onun neft mənbələrini ətraflı təsvir etmişdi. Həmin dövrdə Abşeronun qərb hissəsi ilə yanaşı, şəhərin iki verstliyində, indiki Bayıl rayonunda da neft çıxarılırdı. S.Qmelinin dediyinə görə, bu rayonu yerli sakinlər “Bel” (ehtimal ki, Bayıl), ruslar isə “Şah bazarı” adlandırırdılar. Bu yerdə yetmişdən artıq neft quyusu vardı və onlar da “... torpağın təkinə perpendikulyar şəkildə, dairə halında gedirdi, dərinlikləri iki sajen olardı və bir-birilə nizamsız halda bağlı idilər...Neft anbarı da orada yerləşirdi. Quyuların nefti bu anbara tökülürdü. Anbar möhürlənmişdi. Bayıl nefti keyfiyyətcə Abşeron neftindən geri qalırdı, çünki Bayıl neftində çoxlu dəniz suyu olurdu. Onu ancaq Salyana aparırdılar, İrana isə ən keyfiyyətli neft göndərilirdi. Abşeron neftinə tələbat böyük idi və onun 15 funtluq batmanı beş qəpiyə satılırdı. Ağ neft 1,5 abbasıya, yaxud səkkiz funtluq batman otuz qəpiyə satılırdı. Ağ neft xüsusi qurğu vasitəsilə - “kub (ənbiq) vasitəsilə” tənzimlənirdi. Neft ikiqat emal edildikdə müalicəvi təsiri yüksək olurdu və rəngini dəyişirdi. Belə neftin qiyməti artır, nəticədə ona tələbat da, xarici ölkələrdəki müştərilərin sayı da get-gedə çoxalırdı”. Bu bir daha Abşeronda neft emalının o dövr üçün yüksək texnoloji həddə olduğuna dəlalət edir.

Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı. Bakı xanının neftdən və duzdan gəliri ildə qırx min rubla qədər idi.

XVIII əsrin 80-ci illərində ağ və qara neft hasilatı xeyli artmışdı. Bakı evlərini yağışdan-qardan qorumaq üçün onların damlarına qara neft çəkirdilər. Kündə və ya şar şəklində olan, qumla qarışdırılan neftdən yerli sakinlər yanacaq kimi istifadə edirdilər.

Bütün bunlar istər qədim, antik dövrlərdə, istərsə də erkən və orta əsrlərdə Azərbaycan neftinin çıxarılması, emal edilməsi və müxtəlif məqsədlərlə istifadə olunmasına sübutdur. Eyni zamanda XVII-XVIII əsrlərdən başlayaraq elm və texnikanın sürətli inkişafı, heç şübhəsiz, əvəzsiz enerji mənbəyi olan neft və ondan alınan yanacaq növləri ilə bilavasitə bağlı idi. Buna görə  də, Şərq ölkələrindən fərqli olaraq sənayesi daha sürətlə inkişaf edən Avropa ölkələri bu enerji mənbəyinin mövcud olduğu ölkələrə öz milli maraqları baxımından yanaşmağa üstünlük verməyə başladılar. Bu isə dünyanın ilk neft mərkəzi kimi Bakını həmişə qonşu dövlətlərin strateji maraqlarında olması faktını təsdiq edir.

İngilis səyyahı Con Forster 1782-ci ildə “Bakıda neft” adlı əsərində yazırdı: “Mən Bakıda 16 gün qaldım. Burada gələcək üçün zəngin bir xəzinə var. Adamlar bu xəzinənin ağzını açsalar da, xərcləməyi bilmirlər. Ora getmək... və yenə getmək, dərhal ləngimədən getmək lazımdır. Orada xəzinə var. Bu xəzinə qara neftdir. O, şahdır. O, tacdır... O, həm də ləkədir... Gedin.... Şah üçün gedin. Tac üçün gedin”. Ondan 14 il sonra 1796-cı ildə Bakıda olmuş alman Marşall fon Biberşteyn yazırdı: “Abşeron yarımadasında tükənməz neft ehtiyatları var...”. 

Müstəmləkəçi dövlətlərin  yuxarıda sadalanan qəsbkar niyyətləri onların son iki yüz illik Şərq siyasətində özünü büruzə verdi. Bu isə nəticədə Azərbaycan torpaqlarının işğalı və imperiyalar arasında bölüşdürülməsi ilə nəticələndi.

Cəbi Bəhramov,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent