16 mart 2020 10:44
2496

Ruslan Əliyev regionlarda vətəndaşlarla görüşüb

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev martın 13-də Salyan rayonunda sakinlərlə görüşüb.

“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Müraciətlərə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra baş direktor R.Əliyev mətbuat nümayəndələri üçün açıqlama verib. O, müsahibədə “Azəriqaz” İstehsalat Birliyində koronavirus infeksiyasının yayılmaması üçün görülən profilaktik tədbirlərdən söz açıb: “SOCAR-ın prezidentinin əmri ilə həm baş ofis, həm də struktur təşkilatlarda müəyyən işlərə başlanılıb. “Azəriqaz” İstehsalat Birliyinin bütün idarə və təşkilatlarında bu əmrə uyğun olaraq dezinfeksiya tədbirləri aparılır. Giriş və çıxış yerlərində əllərin dezinfeksiya edilməsi üçün xüsusi məhlullardan istifadə edilir. İşçilərin və birliyə gələn insanların hərarəti cihazlarla ölçülür. Bilirsiniz ki, bizim təşkilatımız SOCAR-ın sistemində ən çox insanlarla ünsiyyətdə olan təşkilatdır. Abonentlərin müraciətlərini və sair nəzərə alsaq, birliyə gündəlik çox sayda insan axını olur. Biz xidmət sahəsində çalışırıq, çöl şəraitində işlərimiz çox olur. 104/185 saylı Çağrı mərkəzinə gələn zənglər əsasında mənzillərə baxış keçirməli oluruq. Ona görə də profilaktik tədbirlərə ciddi riayət edilir. Hər bir əməkdaşımız təlimatlandırılır və dezinfeksiya vasitələri ilə təmin olunur”.