Tanrının taleyinə yazdığı ömür payının 75 ilini arxada qoyan Akif Musayev bildirir ki, bu gün qazanılan uğur sabah görüləcək işlərin bələdçisidir
İnsan həyata gəldiyi gündən Tanrının ona bəxş etdiyi ömür yolunun pillələri ilə irəliləyir, günləri, ayları, illəri yola salır. Gəncliyin xoşbəxt günlərini yaşayır, orta yaş dövründə püxtələşir, həyatın mənasını dərk edir. Sonra ahıllıq dövrünə qədəm qoyur. Müsahibim Musayev Akif Nurəddin oğlu Tanrının taleyinə yazdığı ömür payının 75 ilini arxada qoyub. Söhbət zamanı o anlara körpü salaraq ötən illərin xatirələrini xəyalında canlandırır, sanki özü ilə danışırmış kimi arxada qalan illərin hesabatını verir.
Sözünə dahi şair və filosof Ömər Xəyyamın «Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik» sözləri ilə başlayan Akif müəllim bildirdi ki, Azərbaycan Dövlət Neft Akademiyasını ( indiki ADNSU) bitirdikdən sonra Naxçıvan Mineral Sular Zavodunda baş mexanik işləmişəm. Ölkəmizdən kənarda belə tanınan «Badamlı» Mineral Sular Zavodunda çalışdığım illər mənim təcrübə məktəbim olub:
- 1968-ci ildə zavoda gəldiyim günü heç vaxt unutmaram. İstehsal prosesi ilə tanışlıq, zavodda çalışdığım illərdə qazandığım təcrübə həyatımın sonrakı fəaliyyətimdə bələdçim oldu. Daha çox öyrənmək, təcrübə toplamaq üçün ustalarımın fəaliyyətini izləyir, tapşırıqlarını yerinə yetirirdim. 1980-ci ildə Naxçıvandakı Mineral Sular İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin olunan zaman hiss etdim ki, əməyə bağlılıq, öz üzərində çalışmaq bacarığı ilə uğur qazanmaq insanın öz əlindədir. Müdriklərin söylədiyi kimi, zamandan səmərəli istifadə gələcək üçün etibarlı təməldir. «Zaman ağıllı, yetkin və kamil olmaq üçün insana verilən ən qiymətli hədiyyədir» sözlərinin hikməti hər zaman yol yoldaşım olub.
Həmin illərdə «Badamlı» Mineral Sular Zavodunun yenidən qurulmasından, istehsal prosesində yeni texnologiyaların tətbiqi sahəsində görülən işlərdən bəhs edən Akif müəllim heç vaxt unutmayacağı bir məqamı da xatırladı:
- Zavod yenidən qurulan dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev Naxçıvana gəlmişdi. Təsadüf elə gətirdi ki, muxtar respublikada olduğu müddətdə yenidənqurma işlərinin aparıldığı zavoda da gəldi, görülən işlərlə maraqlandı. Həmin vaxt mədəndən çıxarılan suyun zavoda nəqli üçün dəmir borulardan istifadə nəzərdə tutulmuşdu. Ulu Öndər demək olar ki, bütün proseslərlə maraqlandı, ən incə məqamlara belə diqqət yetirdi. Bildirdi ki, Azərbaycan markası ilə başqa ölkələrə göndərilən bütün məhsullar kimi müalicəvi əhəmiyyətə malik «Badamlı»nın keyfiyyəti, qablaşdırılma texnologiyası yüksək səviyyədə olmalıdır. O zaman ehtiyat etsəm də bildirdim ki, sifariş olunan və Yuqoslaviyadan alınan paslanmayan, daha keyfiyyətli boruların bir hissəsi muxtar respublikaya gətirilib. Həmin borulardan istifadə daha davamlı, maddi baxımdan sərfəli olar. Bu təklifə müsbət rəy verən Ulu Öndərin tapşırığı ilə mədəndən çıxarılan suyun zavoda gətirilməsi həmin borulardan istifadə olunmaqla həyata keçirildi. O dövrlərdə Moskvada yaradılan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində respublikamızı təmsil edən nümayəndə heyətinin üzvü kimi Azərbaycan brendi olan və müalicəvi əhəmiyyətə malik «Badamlı»ya, «Sirab»a olan marağı görəndə bir daha hiss etdim ki, insanın seçdiyi peşəyə bağlılığı, məsuliyyəti, yenilikçi ruhu ilə çalışmaq istəyi mütləq bəhrəsini verir.
İşdə qazandığı uğurları ilə tanınan Akif Musayev bir müddətdən sonra muxtar respublikanın Nazirlər Sovetinin Sənaye və nəqliyyat şöbəsinin müdiri vəzifəsinə gətirilir. Bir neçə ildən sonra Naxçıvan MR Neft Məhsulları Təminatı Müəssisəsinin direktoru işləyəndə ona Ulu Öndərlə növbəti dəfə görüşmək xoşbəxtliyi nəsib olur. Akif müəllimin o görüş barədə söylədikləri:
- Ötən əsrin sonuncu onilliyində ölkəmizin bütün bölgələrində olduğu kimi Naxçıvanda da vəziyyət dözülməz idi. AXC-Müsavat iqtidarı başçılarının səriştəsizliyi üzündən ölkədə yaranan itaətsizlik, özbaşınalıq respublikanı uçuruma aparırdı. Adlarını «xalq cəbhəsi» qoyub, əslində isə xalqa xəyanət edən bir qrup başıpozuq dəstə muxtar respublikada da vəziyyəti gərginləşdirirdi. İnsanlarda xof yaradan, qarışıqlıq salan həmin «cəbhəçilər» demək olar ki, bütün sahələrdə öz adamlarını yerləşdirirdilər. O dövrdə Nazirlər Kabinetinin sədri olsa da, idarəçilik barədə anlayışı olmayan, öz maraqlarını güdən, yerli sakinlərin yaddaşında «saqqız nazir» kimi qalan «cəbhəçi» Becan Fərzəliyev məni də işdən kənarlaşdırdı. 1990-cı ildə ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi ilə vəziyyət nisbətən sabitləşsə də, insanlarda gələcəyə ümid yaransa da, Vətənə xəyanət edənlər hələ də qarışıqlıq salmaqda davam edirdilər. Belə ağır vəziyyətdə əhalini, nəqliyyat vasitələrini yanacaqla təmin etmək o qədər də asan deyildi. Ulu Öndər Ali Məclisin Sədri seçildikdən sonra muxtar respublikada, necə deyərlər, sular duruldu. Blokada şəraitində yaşayan naxçıvanlıların ərzaq məhsulları, yanacaqla təmin olunmasına diqqət artırıldı. Ulu Öndərin təşəbbüsü və şəxsi nüfuzu sayəsində qardaş Türkiyədən, İrandan gətirilən yanacaqdan düzgün, ədalətli istifadə ən vacib məsələ olmaqla həm də təcrübə tələb edirdi. O zaman Ali Məclisin Sədri kimi Heydər Əliyevə mənim haqqımda məlumat verildi. Söhbət zamanı vəziyyət barədə danışan, çıxış yollarını çoxillik təcrübəsi ilə bildirən Ulu Öndər mənə diqqətlə baxdı. Sonra söylədi ki, sən «Badamlı» zavodunda dəmir boruların paslanmayan, daha keyfiyyətli borularla əvəz olunması təklifini verən həmin mühəndissən? Dedim ki, bəli. Həmin hadisədən 10 ilə yaxın müddət keçməsinə baxmayaraq, o günləri xatırlayan müdrik şəxsiyyətin fenomen yaddaşına, insanlara qiymət vermək bacarığına heyran qaldım.
Akif Musayev bir müddətdən sonra Bakıda fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Neft Məhsulları Təminatı və Göndərilməsi Komitəsində mühəndis işləyir. Sonra Neft Məhsullarının Təminatı və Göndərilməsi Bazasına direktor təyin edilir.
Azərbaycanı dünyada tanıdan, adı ən məşhur şirkətlərlə eyni sırada çəkilən SOCAR-da işlədiyi illəri həyatının mənalı günləri hesab edən Akif Musayev bu vəzifəsində də ona göstərilən etimadı doğruldur, məsuliyyətini artırır, daxili bazarın müxtəlif çeşidli, müasir keyfiyyət standartlarına cavab verən neft məhsulları ilə təchizatına, satışına, məntəqələrə vaxtında çatdırılmasına diqqətlə yanaşır. Kollektivin hörmətini qazanan, işinə məsuliyyətlə yanaşan, vəzifəsinin öhdəsindən layiqincə gələn Akif Musayev neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunur.
Akif Musayev hazırda təqaüdçü kimi də Azərbaycanın qazandığı uğurlarla fəxr edir. «Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi qlobal layihələrin reallaşmasında aparıcı rola malik SOCAR-ın uğurları ilə qürur duyuram» söyləyən Akif müəllim bu gün də vaxtilə çalışdığı müəssisənin kollektivi ilə əlaqə saxlayır.
«Şərəf nişanı» ordenli , 4 övladı , 9 nəvəsi, bir nəticəsi olan Akif Musayevə cansağlığı, uzun ömür arzulayırıq.
Xuraman İsmayılqızı, «İki sahil»