07 aprel 2020 19:22
1375

Sevinc Fətəliyeva: Prezidentin əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir

Prezident İlham Əliyevin növbəti əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva söyləyib. O bildirib ki, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır.

“Budəfəki əfv Sərəncamı ilə 176 məhkum azadlığa qovuşdu. Sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Ümumiyyətlə, humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirməklə ölkənin layiqli vətəndaşı olmağa sövq edir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Milli Məclisin deputatı söyləyib ki, dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir: “Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu Sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, radikal müxalifət bu humanist addımı siyasiləşdirməyə çalışır. Siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəs atılan müsbət addımları dəyərləndirməyi bacarmalıdır. Bunu radikal müxalifət düşərgəsi haqqında demək mümkün deyil. Onlar bilməlidirlər ki, tutduqları bu cür mövqe cəmiyyətimiz tərəfindən qəbul olunmur. Bizim üçün əsas olan bütövlükdə xalqımızın mövqeyidir. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir”.