14 dekabr 2019 14:10
512

Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir

“Beynəlxalq miqyasda Azərbaycan nüfuzlu idman ölkəsi kimi tanınır. Çünki Azərbaycan nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi  edir. Eyni zamanda, idmanımızın  beynəlxalq səviyyədə uğurları da ildən-ilə artır».

Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Ş.İsmayılov  bildirib ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurları hər zaman artır. Onun sözlərinə görə, dövlətimizin bayrağımızın nüfuzlu yarışlarda zirvələrə yüksəldilməsi hər birimizdə qürur hissi doğurur.

«Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, bu o deməkdir ki, idmanın kütləviliyi həm də gənclərin inkişafı yönündə görülən işdir. Bilirsiniz ki, ölkəmizdə gənclərin inkişafına dair proqramlarda idmanın inkişafı prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların idmana cəlb olunması bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Çünki əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ona görə də, ölkə rəhbərliyi tərəfindən idmanın inkişafı hər zaman diqqət mərkəzindədir. Onu da qeyd edim ki, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Artıq  bu sahədə də təkmil qanunvericilik bazası formalaşdırılıb. «Bədən tərbiyəsi və idman haqqında» qanun və digər müvafiq qanunvericilik aktları ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistemliyini təmin edir»- deyə, Ş.İsmayılov qeyd edib.