31 iyul 2020 17:34
514

Siyəzəndə dağlıq sahədə baş verən yanğın geniş əraziyə yayılıb

Bu gün saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.