28 yanvar 2019 10:20
434

SOCAR “KazMunayQaz” ilə anlaşma memorandumu imzalayıb

SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkəti anlaşma memorandumu imzaladılar


Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.Qazaxıstan nümayəndə heyətində həmçinin KazMunaqQaz MŞ-nin idarə heyətinin sədrinin Kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini Qurmanqazı İskaziyev və “Kaztransoyl” Səhmdar Cəmiyyətinin baş direktoru Dimaş Dosanov, “Kazmortransflot” Milli Dəniz Daşıma Şirkətinin baş direktoru Marat Ormanov təmsil olunmuşlar. Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, birgə iş planı barədə fikir mübadiləsi aparılmışdır. Daha sonra SOCAR və KazMunayQaz şirkətlərinin rəhbər şəxsləri anlaşma memorandumu imzalamışlar. 

Memorandum şirkətlər arasında geniş əməkdaşlıq perspektivlərini, o cümlədən daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Memorandum cərçivəsində atılacaq ilk konkret addım olaraq, “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirlməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur. 

Görüş çərçivəsində həmçinin SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə Qazaxıstanın “Kazmortransflot” LLP (NMSC) Milli Dənizçilik Loqistika Şirkəti arasında karbohidrogen resurslarının nəqli sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı niyyət protokolu imzalanmışdır. 

Rəsmi görüş və müzakirədən sonra qonaqlar SOCAR Tower-də ölkəmizin qədim neft tarixini və yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olmuşlar. 

Qeyd edək ki, ''KazMunayGaz'' Milli Şirkəti” Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşmişdir. ''KazMunayGaz''-ın səhmdarları ''Samruk-Kazyna'' Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%).