04 noyabr 2019 19:43
924

SOCAR Rumıniyada keçirilmiş sərgi-konfransda iştirak edib

SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum SA” Kluj-Napoka şəhərində təşkil edilən “Gala tranzit-2019” sərgi-konfransında iştirak edib. Hər il ənənəvi olaraq təşkil olunan sərgi-konfransa Rumıniyada nəqliyyat sektoru və logistika xidmətləri sahəsində fəaliyyət göstərən 30-dan çox aparıcı şirkətin 400-ə yaxın nümayəndəsi qatılıb.

Konfransda çıxış edən “SOCAR Petroleum SA” şirkətinin icraçı direktoru Həmzə Kərimov SOCAR-ın Azərbaycanda neft və qaz sənayesi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb, şirkətin ölkə hüdudlarından kənarda həyata keçirdiyi müasir sənaye kompleksləri və neft-qaz məhsullarının nəqli üçün reallaşdırılan transmilli infrastruktur layihələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bununla yanaşı, H.Kərimov “SOCAR Petroleum SA”nın Rumıniyadakı fəaliyyəti və yaxın gələcək üçün nəzərdə tutulan planlar haqqında iştirakçıları məlumatlandırıb.

Şirkət sərgi-konfransda geniş təqdimatla çıxış edib. Sərgi ziyarətçiləri SOCAR stendində müştəriləri üçün yaradılan xidmətlərlə yaxından tanış olublar. Bundan başqa sərgi salonunda quraşdırılan monitorda SOCAR-ın Azərbaycan və digər ölkələrdəki fəaliyyətini əks etdirən informativ çarx da nümayiş etdirilib.

Qeyd edək ki, “SOCAR Petroleum SA” şirkəti Rumıniyanın 20 regionunda 43 yanacaqdoldurma məntəqəsi şəbəkəsinə malikdir.