17 fevral 2020 20:49
1254

Sosial islahatlar: Vətəndaşların rifahı naminə inqilabi təşəbbüslər

2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olmasına və genişmiqyaslı islahatların, sosial inkişaf proseslərinin 2020-ci ildə də  davam etdirilməsinə təminat verir.

2020-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunda yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. Həmçinin ölkəmizdə cari il üçün ehtiyac meyarının həddi də müəyyənləşib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə bu il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki,  2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilmişdi. Ehtiyac meyarının həddi  isə 143 manat olmuşdu.

Prezident İlham Əliyevin 2020-ci il fevralın 6-da imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam 2020-ci ildə də sosial islahatların davam etdiriləcəyinin anonsunu verdi. Sərəncama  əsasən, yanvarın 1-dən orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırıldı. Bu artım sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizini və ya 1 milyon 120 minə yaxınını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.

Bu Sərəncam  Prezident İlham Əliyevin “Siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır” prinsipinin növbəti göstəricisidir. Bu təşəbbüs ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların həm nəticəsi, həm də mühüm tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, ölkədə həyata keçirilən sosial islahatların nəticəsində yeni iş yerlərinin açılması, əmək haqlarının hiss olunan miqyaslarda artması, qeyri-formal məşğulluğun aradan qaldırılması, bütün sahələrdə əmək və maliyyə intizamının gücləndirilməsi ilə müşayiət olunur.

Sadalanan inkişaf proseslərinin hər biri  öz növbəsində dövlətin maliyyə imkanlarını artırmaqla əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş siyasəti reallaşdırır. Əhalinin rifahının yaxşılaşdırılması öz əksini yalnız hökumətin bəyanatlarında deyil, real fəaliyyətində də tapır. Pensiyaların 16.6 faiz artırılması Prezident İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasının uğurla həyata keçirildiyini təsdiq edən ən tutarlı dəlil kimi qiymətləndirilməlidir. Xalq bu gün də davam etdirilən genişmiqyaslı islahatların bəhrələrini artıq görür və inanır ki, islahatlar getdikcə daha inamla həyata keçiriləcək və əhalinin rihafı bundan da artıq yaxşılaşacaq.

“Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən ölkə Prezidenti İlham Əliyev  bildirir ki,  bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə  tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə  aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan  addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır.

Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsində də bu istiqamətdə atılan addımlar və əldə olunan uğurlar əsas rol oynayır. Göründüyü kimi, Prezident İlham Əliyevin son Fərman və sərəncamları bir daha bu reallığın təsdiqidir ki, həyata keçirilən siyasətin əsasında insanların sosial rifah halının yaxşılaşdırılması dayanır. Əməkhaqlarının, pensiyaların iqtisadi inkişafa, maliyyə imkanlarımıza  uyğun olaraq mütəmadi artması bu reallığı bir daha təsdiq edir.

Yaqut Ağaşahqızı, “İki sahil”