Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. 1949-cu il noyabrın 22-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. Bu gün isə gözəlliyi ilə dünyaya meydan oxuyan şəhər statusunu qazanıb.
Doğma şəhərimiz olan Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.
2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib: “Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib.”
Sənəddə o da vurğulanır ki, davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.
Ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında Sumqayıt şəhərinin fəal iştirakı nəzərə alınaraq dövlətimizin başçısının sözügedən Sərəncamında şəhərin 70 illik yubileyinin ölkədə geniş qeyd edilməsi, Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb həyata keçirilməsi və digər məsələlər əksini tapıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov “İki sahil” qəzetinə açıqlamasında son 3 il ərzində Sumqayıt şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb. T.Səmədov vurğulayıb ki, şəhərin 70 illik yubileyinin qeyd olunması ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb: “Plana uyğun olaraq şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlərə start verilib. Sumqayıtın şəhər statusu aldığı 22 noyabr tarixində Şəhər Günü münasibətilə möhtəşəm tədbir keçiriləcək. Bu möhtəbər tədbirə dünyanın bir çox dövlətlərinin Sumqayıtla qardaşlaşmış şəhərlərinin nümayəndələri də dəvət olunacaqlar. Bundan başqa, mərasimdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Həmçinin şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrdə də şəhərin 70 illik yubileyi ilə bağlı tədbirlər təşkil olunacaq.”
Sumqayıtın 70 illik yubileyi ərəfəsində şəhərdə görülən işlərdən bəhs edən T.Səmədov məlumat verib ki, son illər burada Avropa standartlarına uyğun müasir bulvar yaradılıb, mikrorayonlarda məhəllədaxili yollar, küçə və prospektlərdə yollar əsaslı təmir edilib, yaşayış binalarının, məktəb və uşaq bağçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olunub: “Şəhərin müxtəlif ərazilərindəki parklar daha da abadlaşdırılıb. Heydər Əliyev Mərkəzi, Dəmiryol Vağzalının binası, Poeziya Evi, Bayraq muzeyi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəminə dəstək olub. Sumqayıt Dövlət Dram Teatrının binası və Kimyaçı Mədəniyyət Sarayı əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunub. Bu işlər bu gün də davam etdirilir.”
Orxan Vahidoğlu, “İki sahil”