19 yanvar 2021 16:09
257

Tağıyevin keçən il hazırlanan heykəli martda qoyulacaq

Hacı Zeynalabdin Tağıyevin heykəlinin yerləşdirilməsi koronavirus pandemiyası səbəbindən gecikib.

"İki sahil" xəbər verir ki, bunu  azvision-a açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, Tağıyevin heykəli bu ilin mart ayında qoyulmalıdır.

"Heykəl kombinatdadır. Keçən ilin mart ayından hazırdır, hələ götürülməyib. Çox güman ki, mart ayında heykəl yerləşdiriləcək".

Qeyd edək ki, ötən il Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.