23 may 2019 10:12
919

Tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq

Azərbaycanda ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının “Neftçi”, Gəncənin “Dinamo” komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib. Müstəqillik əldə olunduqdan sonra müəyyən müddət ərzində futbol sahəsi çətinliklər yaşasa da, sonrakı mərhələ yenidən dirçəlməyə başladı. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qərar və göstərişləri sayəsində futbolun kütləviliyi bərpa edildi, populyarlığı təmin olundu. Elə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalaması deyilənlərin əyani sübutudur.

Proqram əsasında həyata keçirilən tədbirlər nəticəsində futbolun infrastrukturu genişləndirildi, onun maddi-texniki bazası möhkəmləndirildi, futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemi təkmilləşdirildi, uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsi inkişaf etdirildi, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəbləri, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzləri yaradıldı, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işi gücləndirildi, futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr quruldu, əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaradıldı. Bütün bunların nəticəsidir ki, Azərbaycan klublarının Avroliqada iştirak etməsi, stadionların azarkeşlərlə dolu olması və komandalarımızın güclü rəqiblərlə qarşılaşması futbolumuzun uğurlu gələcəyinə inamımızı daha da artırır.

Təsadüfi deyildir ki, FİFA-nın prezidenti Gianni İnfantino söyləyib ki, Azərbaycan sözün əsl mənasında, futbol ölkəsidir. Gianni İnfantino deyib ki, o, qurumun prezidenti olmazdan əvvəl də AFFA ilə əməkdaşlıq edib və Azərbaycanda futbolun və futbol hərəkatının inkişafının şahididir. FİFA prezidenti vurğulayıb ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir.

Prezident İlham Əliyevin qiymətləndirməsinə görə isə futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqram qəbul edilib. Dövlətimizin başçısı qeyd edir ki, Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən çoxlu stadion inşa edilib və bu gün futbolun inkişafı üçün bütün lazımi infrastruktur tam şəkildə yaradılıb.

Göründüyü kimi, bu gün Azərbaycan dövləti futbolun inkişafını prioritet hesab edir. Elə buna görədir ki, beynəlxalq futbol təşkilatlarının da Azərbaycana olan marağı hər gün artmaqdadır. Məhz, mayın 29-da UEFA İcraiyyə Komitəsi iclasının Bakıda keçirilməsi də deyilənlərə əyani sübutdur.

Qeyd edək ki, mayın 29-da Bakıda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclasının Gündəlik məsələləri açıqlanıb:

1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi

2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi

3. Futzal üzrə UEFA Avropa Çempionatı 2020-22

4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları

5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları

6. UEFA İntizam qaydaları (2019 buraxılışı)

7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)

8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)

9. Turnirlərin əsasnamələri - Oyun qaydalarına adaptasiya

10. UEFA Avropa Gənclər çempionatlarının formatı

11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması

12. UEFA Grassroots mükafatı 2019

Xatırladaq ki, tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda təşkil olunacaq.