16 sentyabr 2020 17:20
832

Təcavüzkarlıq, işğal və müstəmləkəçilik siyasətinin davamı

Ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır.

Bir maraqlı məqama toxunaq ki, Özbəkistanin “fikr.uz” portalında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın rus dilində “Ermənilər Qafqaza necə düşüb? Sensasiyalı faktlar” sərlövhəli məqaləsi çap olunub. Məqalədə ermənilərin Azərbaycanın tarixi torpaqlarına haradan və nə vaxt köçürülməsi haqqında ətraflı məlumat verilir. Yazıda bildirilir ki, dünyada ermənilərin tarixindən daha qarışıq və saxtalaşdırılmış tarix yoxdur. Eyni şeyi onların etnogenezi haqqında da demək olar. Bunu bir çox erməni və Avropa alimləri öz əsərlərində göstəriblər. Erməni alimi Manuk Abeqyan sübut edib ki, erməni dili erməni qəbiləsi kimi hibriddir. Digər erməni tarixçisi Baxşi İşxanyan yazıb ki, “böyük Ermənistan”ın ərazisi Rusiyanın sərhədlərindən kənarda, Kiçik Asiyada olub. Məqalədə vurğulanır ki, İrəvan xanlığının işğalından sonra çar Rusiyası İrandan və Türkiyədən erməniləri kütləvi surətdə indiki Ermənistanın ərazilərinə köçürüb. Beləliklə, əldə olan tarixi sənədlər və bir çox alimlərin tədqiqatları göstərir ki, müasir Ermənistan və onun paytaxtı İrəvan şəhəri erməni ərazisi deyil, qədimdən oğuz türklərinə-azərbaycanlılara mənsub olub.

2016-cı ilin Aprel döyüşləri,  cari ilin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın baş nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Ermənistan hökuməti işğalçılıq siyasətinin həyata keçirmək üçün gecə-gündüz yollar axtarır. N.Paşinyan vəziyyətin böh­ranlı olduğunu dərk edərək, yenidən əhalini aldatmağa cəhd edir. Onun 2020-ci il avqustun 29-da qondarma Dağlıq Qara­bağ respublikasına gəlməsi, yerli hərbi rəhbərliklə görüş keçirməsi məhz bu niyyətdən qaynaqlanır. Əslində, Paşinyanın növbəti ucuz təbliğatı saxta şou və blefdən başqa bir şey deyil.

Ermənistanın qonşuluğunda olan ölkələrin ərazisinin, tarixi -mədəni irsinin mənimsənilməsinə yönəlmiş qəsbkar siyasətinin növbəti bariz nümunəsi Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köcürülməsidir. Dünya dövlətləri, eləcə də, Azərbaycan daxil olmaqla Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən işğalçı Ermənistan hökuməti yenə də öz çirkin məqsədlərini həyata keçirmək üçün tam səfərbər oldu. Azərbaycanın əzəli-əbədi torpaqlarında ermənilərin sayını süni şəkildə artırmaqla ərazilərin etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək kimi niyyətləri işğalçı Ermənistanın faşizm ideologiyasına kökləndiyinin daha bir  bariz göstəricisidir. Suriyadan və Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülən etnik ermənilər heç də dinc əhalinin nümayəndələri deyil. Onlar əsasən Yaxın Şərqdə terrorçuluq fəaliyyəti ilə məşğul olan ermənilərdir. Ermənistanın bu siyasəti ilə növbəti dəfə iç üzünü, xislətini ortaya qoyub. Ermənistanın siyasəti terrorizm üzərində qurulub və terrorçuluğa xidmət edir.

Bey­rutdakı partlayışdan sonra Livan ermənilərinin müəyyən qisminin – təxminən 500 nəfərin ölkəyə gətirilməsi haqda Ermənistanın Diaspor məsələləri üzrə baş ko­missarı Zare Sinanyan (Amerika ermənisi, ABŞ-ın Qlendeyl şəhərinin meri olub) məlumat verib. Onların da bir hissəsinin Dağlıq Qarabağ­da yerləşdirilməsi planlaşdırılıb. Lakin bu, ekspertlərin fikrincə, heç bir nəticə verməyəcək. Çünki köçü təmin etmək üçün Ermənistanın iqtisadi-maliyyə imkanları, infrastrukturu yoxdur, mənzil, iş yerləri kimi sosial məsələlər isə acınacaqlı durumdadır. Bu səbəbdən də Ermənistanda "xalq ordusu” adlı strukturun real­laşdırılmasına dair bir format ortaya atılıb. Artıq ermənilər qanunvericilik bazasını buna uyğunlaşdırırlar. Belə ki, işğalçı ölkədə "Müdafiə haq­qında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu isə onu göstərir ki, faktiki olaraq işğalçı ölkədə müdafiəni təşkil edəcək insan resursları, orduda nizam-intizam yoxdur. Ermənistanın Azərbaycana qarşı sonuncu təxribatları da bir daha göstərdi ki, bu ölkənin ordusunun döyüş qabiliyyəti aşağı səviyyədədir. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünülür ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Lakin bütün bunların nəticə verəcəyinə heç Ermənistan rəhbərliyi özü də inanmır.

Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanmışdır. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdır. Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn kobud surətdə pozulması, 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinin gözardı edilməsidir. İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilir və 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalında da əsas hərbi cinayətlərdən biri hesab olunaraq məhkəmə qərarı ilə əmsal təşkil edir.

Bu məqamıda vurğulamalıyıq ki, ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Bəs Beynəlxalq təşkilatlar, münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı niyə susurlar?

Ermənistanın bu addımı münaqişənin dinc yolla həllinə mane olur və belə demək mümkünsə, danışıqlar yolunu məhvə aparır. Dinc yolun, danışıqlar yolunun mümkün olmadığı təqdirdə isə münaqişənin hərb yolu ilə həlli qaçılmazdır. Tam məsuliyyətlə demək olar ki, işğalçı ölkənin sonuncu addımı nəticə etibarilə regionda münaqişənin müharibəyə çevrilməsi üçün yaşıl işıq yandırmış olur. Belə olan halda bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür. Ermənistana havadarlıq edənlər mövcud mənzərəni kənardan seyrçi kimi izləyir və mexanizmləri işə salmaq istəmirlər. Onun sözlərinə görə, bu məsələdə ən böyük məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşür. ATƏT-in prinsipsiz mövqe nümayiş etdirdiyini görən Ermənistan təbii ki, daha da geniş əl-qol açır və təcavüzkarlıq siyasətini gücləndirir, yeni təxribatlara cəhd göstərir. Lakin bu  bəşəri ədalətsizliyə və haqsızlığa dur deməyin zamanı çoxdan gəlib çatıb. Ona görə də dünya ictimaiyyəti Ermənistanın təcavüzkarlıq siyasətinə son qoymağı və 30 ildən artıqdır ki, işğal altında saxladığı əraziləri tərk etməyi ondan tələb etməlidir. Beynəlxalq qanunlar  bu xüsusda  öz sözünü deməli və konkret mövqeyidi ortaya qoyaraq ədalətlilik prinsipini qoruyub saxlamalıdır. Ermənistanın bu siyasəti onun BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmək fikrindən uzaq olduğunu göstərir. Beynəlxalq birlik bu məsələyə ciddi fikir verməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu prinsipial mövqeyini ortalığa qoymalıdır.

Azərbaycanın tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşma siyasətinin həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər. Azərbaycanın işğal edilmişl torpaqlarına köçürülən xarici vətəndaşlar Ermənistanın işğalçılıq siyasətin nəticə verməyəcəyini görməli və bilməlidilər ki, tezliklə işğal altında olan Azərbaycan torpaqları azad ediləcək və o torpaqların əsl sahibləri əzəli-əbədi torpaqlarına qayıdacaqlar.

Yaqut Ağaşahqızı, “İki sahil”