22 oktyabr 2019 14:26
2188

Təcrübəli mühəndis, təvazökar insan

Tanınmış dəniz neftçisi, Əməkdar mühəndis Namiq Əfəndiyevin 85 illiyinə

Namiq Əfəndiyevi yaxşı tanıyırdım. Tanışlığımızın çoxillik bir tarixi vardı.  İndi həmin illəri gözlərim önünə gətirəndə, olub-keçənləri xatırlayanda  peşəsi ilə fəxr edən, daim yeniliyə can atan  o işgüzar və təvazökar mədənçi-mühəndislə sanki yenidən görüşürəm.

Namiq Həmid oğlu Əfəndiyev 1934-cü il oktyabrın 22-də Bakıda ziyalı ailəsində anadan olmuşdu. Atası ali məktəb müəllimi, fəlsəfə elmləri namizədi, dosent idi, anası isə qayğıkeş və bilikli həkim kimi tanınmışdı. Lakin Namiq Bakıdakı 164 nömrəli orta məktəbi bitirəndə təhsilini Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) davam etdirmək və neftçi olmaq istədiyini bildirmişdi. 1953-1958-ci illərdə həmin institutun neft-mədən fakültəsində təhsil almış, bu məşhur ali məktəbdə neft və qaz yataqlarının istismarı ixtisasına yiyələnmişdi.

Onun əmək fəaliyyəti 1968-ci ildə “Leninneft” NQÇİ-də (indi Balaxanı Əməliyyat Şirkəti) başlanmışdı. Burada o? əvvəlcə neftçıxarma operatoru, sonra isə sahə rəisi vəzifələrində çalışmış, institutda mənimsədiyi nəzəri bilikləri istehsalat təcrübəsi ilə zənginləşdirmişdi. Neft və Qazçıxarma İdarəsinin rəhbərliyi yüksək ixtisaslı mütəxəssisə daha məsuliyyətli vəzifə etibar etmək barədə düşünərkən “yuxarılar” onun gələcək fəaliyyətinin istiqamətini artıq müəyyən etmişdilər.

N.Əfəndiyev 1960-cı ildə rəhbər komsomol işinə irəli çəkilmiş, Bakının Lenin rayon komsomol komitəsinin birinci katibi, 1961-ci ilin dekabrında isə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi seçilmişdi. İki ildən sonra  o, artıq Azərbaycan KP MK-nın məsul işçisi olmuş, Mərkəzi Komitənin sənaye və nəqliyyat, kimya və neft sənayesi şöbələrinin təlimatçısı, partiya orqanları şöbəsinin inspektoru vəzifələrində çalışmışdı. Burada Namiq Əfəndiyev özünü “quru” partiya işçisi kimi deyil, işə yaradıcı münasibət bəsləyən, sadə insanlarla ünsiyyətdən qaçmayan, onların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyən siyasi xadim kimi göstərirdi. Onu komsomolun və Kommunist Partiyasının rəhbər orqanlarındakı işindən tanıyanlar N.Əfəndiyevin keyfiyyətlərini bu gün də yaxşı xatırlayırlar.

Onlardan biri də Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovdur. Vaxtilə Azərbaycanın rəhbər komsomol, partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalışmış Həsən müəllim bu yaxınlarda  telefon açıb, N.Əfəndiyev haqqında qısa xatirələrini yazıb göndərəciyini dedi və vədinə əməl etdi. Hörmətli səfirin mənə yazdıqlarını oxuyanda bir daha düşündüm ki, illər, qərinələr keçsə də yaxşılıq həqiqətən unudulmur, yaddan çıxmır. Mən oxucularımı da Həsən müəllimin xatirələri ilə tanış etmək istəyirəm.

“Mənim taleyimdə də Namiq Əfəndiyev böyük rol oynadı. 1962-cı ilin aprel ayında Moskvada SSRİ komsomolunun qurultayı olmalı idi. O zamanın qaydasına görə 15 respublikadan gənclərin hər təbəqəsindən Moskva qurultayına nümayəndə seçilməli idi. Mən o zaman Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tələbəsi idim, Azərbaycanda isə 20-yə qədər institut var idi. Hər institutdan iki nəfər  namizəd irəli sürülmüşdü, mən də onlardan biri idim. Bu qırx nəfərin hərəsi ilə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin katibi Namiq Əfəndiyev görüşməli və qərar verməli idi.

O zamanlar vəzifəli adamlar gənclərlə görüşəndə, söhbət edəndə adətən  Kommunist Partiyası, onun tarixi və görkəmli xadimləri, mövcud siyasi vəziyyətlə bağlı suallar verirdilər. Mənim növbəm çatanda Namiq Əfəndiyevin iş otağına daxil oldum. Gözümə dəyən və xatirəmdə qalan ilk təsəvvür o idi ki, qarşımda kabinet şəraitində incələşmiş məmur deyil, sanki hələ də neft buruğunda çalışan şəxs durmuşdu. O, mən gözlədiyim cari siyasətlə bağlı heç bir ənənəvi sual vermədi.  Söhbətin yönümü elə oldu ki, sanki o məni çoxdan tanıyır və onu siyasi problemlər deyil, daha çox narahat edən həyata baxışım, yoldaşlığa münasibətim, seçdiyim yola sədaqətimdir. Onu standart suallara əzbərlənmiş cavablar deyil, daxili düşüncələrini sərbəst ifadə etmək bacarığı maraqlandırırdı.

Bir neçə gündən sonra xəbər verdilər ki, Azərbaycan tələbələri adından mən, orta məktəb şagirdləri adından isə Polad Bülbüloğlu seçilib. Moskva qurultayından qayıdandan dərhal sonra məni Bakı Şəhər Komsomol Komitəsinə işə götürdülər.

Bu hadisələrin üzərindən 30 il keçdi. Namiq Əfəndiyev daim mənim xatirəmdə idi, amma nədənsə yollarımız kəsişmirdi. Nəhayət, 1990-cı ildə mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olaraq neft sənayesi ilə bağlı bit tədbir keçirməli idim. Tədbir iştirakçılarının siyahısı ilə tanış olanda orada Namiq Əfəndiyevin adına rast gəldim. Mənimlə o zaman çalışan Natiq Əliyevə tapşırdım ki, ona zəng eləyib soruşsun  o, komsomolda  çalışıbmı? Cavab gəldi ki, bəli işləyib. Mən tədbirdən əvvəl onu yanıma dəvət etdim və onun mənim həyatımın gedişinə təsiri haqda xatırlatdım, otuz ildən sonra olsa da təşəkkürümü bildirdim. Mən təşəkkürümü geniş şəkildə ifadə etdim, o isə bunu təvazökarlıqla qarşıladı və sadəcə “borcum idi” dedi.

Namiq Əfəndiyev mənim xatirəmdə peşəsinə sadiq, təmənnasız insan olaraq yaşayır.”

Qeyd edim ki, mənim də N.Əfəndiyevlə tanışlığım onun Mərkəzi Komitədə çalışdığı vaxtdan başlanmışdı. Neftçi olduğu üçün o, respublikanın neft sənayesindəki vəziyyəti və sahənin problemlərini çox gözəl bilirdi, həmkarlarının işini yüksək qiymətləndirir, imkan düşdükcə onları haqsız tənqidlərdən, ədalətsiz qərarlardan qorumağa çalışırdı.

1964-cü ildə onun həyatında yenidən dəyişiklik baş verdi. N.Əfəndiyev Qazaxıstanın Manqışlaq yarımadasında kəşf olunmuş yeni neft yatağının işlənməsində iştirak etmək istədiyini bildirdi. Azərbaycan KP MK-nın Rəyasət Heyətinin qərarı ilə o, “Manqışlaqneft” Birliyinin sərəncamına göndərildi.

Manqışlaqda o, əvvəlcə Birliyin neft və qaz hasilatı üzrə istehsalat şöbəsi rəisinin müavini, sonra isə 1 nömrəli mədənin müdiri təyin edildi. Manqışlaqda onun necə işlədiyini belə bir fakt yaxşı əks etdirir: o vaxt orada yenicə kəşf olunmuş “Uzen” yatağı məhz mədən müdirinin və əksəriyyəti Bakı neftçilərindən ibarət olan kollektivin bilik və təcrübəsi sayəsində qısa müddət ərzində istismara daxil edilmişdi.

Lakin N.Əfəndiyev Manqışlaqda çox qalmadı. Anasının ölümü ilə əlaqədar olaraq 1965-ci ilin noyabrında  Bakıya qayıtdı və əmək fəaliyyətini “Dənizneft” Birliyi sistemində davam etdirməyə başladı. 1970-ci ilədək Birliyin avtomatika və telemexanika, quyuların sınanması və təmiri istehsalat şöbələrinin rəisi, daha sonra “Xəzərdənizneft” Birliyində Serebrovski adına NQÇİ) sonralar Qum adası NQÇİ, hazırda Bahar-Enerji və Abşeron Oyl Əməliyyat şirkətləri) 1-ci mədəninin müdiri, Birliyin mərkəzi mühəndis-texnoloji xidmətinin rəisi vəzifələrində çalışmışdı. Daha sonra o, “Dənizneftqaz” Elmi-Tədqiqat və Layihə İnstitutunda texniki şöbəyə, dəniz mühitinin çirklənməkdən mühafizəsi şöbəsinə uğurla rəhbərlik etmiş, institutun baş mühəndisinin müavini olmuşdu.

1980-ci ildə N.Əfəndiyev “Xəzərdənizneft” Ümumittifaq Sənaye Birliyi istehsalat şöbəsinin rəisi təyin olundu, sonra isə üç il ərzində N.Nərimanov adına NQÇİ-nin rəisi kimi bu idarəyə bacarıqla rəhbərlik etdi. O vaxta qədər N.Əfəndiyev artıq özünü böyük istehsalat təcrübəsi toplamış mütəxəssis, dənizdə neft və qaz hasilatı sahəsində bir sıra elmi məqalələrin və ixtiraların müəllifi, neft və qaz hasilatı işlərinin bacarıqlı təşkilatçısı kimi göstərmişdi. Bunları nəzərə alan respublika rəhbərliyi 1985-ci ildə ona  “Xəzərdənizneftqaz” Ümumittifaq Sənaye Birliyinin baş mühəndisi – Birlik rəisinin müavini vəzifəsini etibar etdi. O vaxt mən bu Sənaye Birliyinin baş geoloqu – Birlik rəisinin müavini vəzifəsində çalışırdım və  biz onunla demək olar ki, hər gün görüşür, bir çox məsələləri birlikdə həll edirdik. Bəzən Moskvaya-keçmiş İttifaqın Neftçıxarma Sənayesi Nazirliyinə də birgə gedirdik. Bu səfərlərin gedişində onu daha yaxından tanıdım. Nazirliyin mütəxəssisləri ilə diskussiyalarımızda, dəniz yataqlarının işlənilməsi məsələlərinin müzakirəsində onun fikirləri yaxşı rəylər doğurur və təcrübəli mühəndis kimi texniki düşüncə səviyyəsinin nə qədər yüksək olduğunu göstərirdi. Eyni zamanda, belə ezamiyyətlərdə mən onu həm də sadə və səmimi bir insan kimi tanıdım. Bunu da qeyd edim ki, N.Əfəndiyev kabinet adamı  deyildi. Onun iş vaxtının çox hissəsi dəniz mədənlərində keçirdi. Birliyin baş mühəndisi kimi o, quyuların istismar texnikası və texnologiyasının təkmilləşdirilməsi, istehsalın səmərəliliyinin artırılması üçün olduqca dəyərli işlər görürdü. O dövrdə Xəzər dənizində bir sıra neft və qaz yataqlarının, o cümlədən “28 May”, “Azəri” kimi yataqların istismara verilməsində onun böyük rolu olmuşdu. İstedadlı neftçinin xidmətləri Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adı ilə qeyd edilmişdi.

N.Əfəndiyev 1991-ci il mayın 21-də  dünyasını dəyişdi və artıq 28 ildir ki, aramızda yoxdur. Lakin onun xatirəsi həmkarlarının – Azərbaycan neftçilərinin qəlbində bu gün də yaşayır.

Xoşbəxt Yusifzadə,

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki