31 yanvar 2019 10:48
166

Turizm sənayesi çox geniş imkanlara malik olmalıdır

Ölkəmizdə turizmin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Turistlərə göstərilən xidmətin çeşidi və səviyyəsi ildən-ilə artır. Sadələşdirilmiş viza rejiminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib.

Turist axınının artması, təbii olaraq ölkəyə daxil olan vəsaitin də yüksəlməsinə müsbət təsir edir. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının əhəmiyyətini vurğulayarkən mütəmadi olaraq turizm sahəsindəki vəziyyətə də toxunur və bu barədə görülən işlərdən bəhs edir.

“Son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artıb. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlib. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyiblər”. Bunu Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində deyib. Ölkə başçısı bu rəqəmin əlavə 2 milyard dollar ixrac demək olduğunu qeyd edib: “Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var”.

Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün turistlərin rahat, təhlükəsiz istirahəti üçün zəruri şərait yaradılmışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Məsələn, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək.

Ölkə başçısının da dediyi kimi, ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir. Məlumat üçün bildirək ki, 2025-2030-cu illərə kimi dövlət büdcəsinin turizm sektorunun inkişafı hesabına artırılması nəzərdə tutulur.

Sevinc Azadi, “İki sahil”