14 yanvar 2020 15:05
65

Türkiyə mediasında Naxçıvan haqqında məqalə yayımlanıb

Türkiyənin “Yeşil İğdır” qəzeti, eləcə də www.balkanbirikim.com  , www.serhatbirikim.com  və igdir15temmuzgazetesi.com xəbər portallarında naxçıvanlı jurnalist Sara Əzimovanın “Ürəyi Vətən üçün döyünən” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalədə ötən əsrin 90-cı illərinin əvvəllərində çətinliklərlə üzləşən Naxçıvanın bu gün intibaha qovuşmasından söhbət açılır.

Müəllif yazır ki, 1995-ci ildən Naxçıvanda yeni mərhələnin əsası qoyulub. Həmin ildən bir yol seçilib: Heydər Əliyev yolu, Heydər Əliyev ideyaları. Bu yol Naxçıvanı tərəqqiyə qovuşdurub. Həlli milyonlar üçün müşkül görünən problemlərin üstünə cəsarətlə gedilib və Naxçıvan böyük inkişafa nail olub. Dəzgah arxasında, tikinti meydançalarında, taxıl zəmilərində, bağ-bağçalarda çalışan zəhmət adamları, təhsil, elm, mədəniyyət xadimləri, bir sözlə, muxtar respublikanın hər bir sakini öz sahəsində səylə çalışıb və tezliklə hər kəsin əməyi, zəhməti öz barını-bəhrəsini verməyə başlayıb.

Bu gün Naxçıvan kəndlərinin miskin görkəmini dəyişdiyini, artıq abad və gözəl yaşayış məntəqələrinə çevrildiyini qeyd edən müəllif vurğulayır ki, ötən illər ərzində insanların firavan yaşaması, işləməsi, təhsil alması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Yüzlərlə istehsal və xidmət sahələri qurulub. Ən müasir məktəblər, mədəniyyət və səhiyyə ocaqları, salınan yollar, körpülər, güclü ordu və iqtisadiyyat, mədəni tərəqqi və tarixə sahiblik, zərrə-zərrə yetişdirilib formalaşdırılan vətənpərvər gənclər ordusu ilə Naxçıvan ölkənin lider diyarına çevrilib. Bu səbəbdən də son illərdə Naxçıvan turistlər üçün ən çox seçilən gəzməli-görməli yerlərdən biridir.

Sonda məqalədə qeyd olunur ki, hər bir naxçıvanlı torpağını qoruyur və birlik nümayiş etdirirək düşmən qonşusuna göz dağı verir.